[b]Alqışlanası təşəbbüs və kölgəsindən qorxan sədr[/b]
30.04.2016 - 15:43
[b]Alqışlanası təşəbbüs və kölgəsindən qorxan sədr[/b]

AFFA Hakimlər Komitəsinin növbəti iclasını jurnalistlər üçün açıq elan etməsi xeyli maraqlı təklif idi. Kubokun yarımfinal mərhələsində baş tutan “Neftçi” – “Qəbələ” oyunundan sonra bu, bəlkə də vəziyyətdən ən düzgün çıxış yolu idi.


Sözügedən matçda FİFA referisi Əliyar Ağayev kobud səhvə yol verib bakılıları penalti ilə cəzalandırmamış və qonaqların sərt etirazı ilə qarşılaşmışdı. Matçdan sonra bütünlüklə Hakimlər Komitəsi tənqidə məruz qalmışdı.


Təşəbbüs gözəl idi. Bunun qaydalara nə qədər uyğun olduğunu komitə sədri Xaqani Məmmədov bilər. Hakimlərin qiymətlərini “UEFA-nın tələbidi” deyib açıqlamayan, onların oyunlar haqda danışmasını yasaqlayan Xaqani bəy indi az qala hamısını qələm əhlinin önünə atmışdı. Düzdü, bir neçə ölkədə belə praktika var və ümid edirik ki, sonradan hansısa problemə yol açmayacaq.


Bu cür görüşlərin ayda heç olmasa, bir dəfə təşkil olunmasını istəyən Xaqani bəy son turun və kubokun yarımfinal mərhələsinin görüşlərini jurnalistlərin gözü qarşısında müzakirəyə çıxardı. Bütün oyunlardakı mübahisəli epizodlar şərh edildi, həm oyunu idarə edənlərin, həm də digər hakimlərin fikirləri dinlənildi.


Məlum oldu ki, “Qarabağ” – “İnter” matçının baş hakimi Rəvan Həmzəzadə qarşılaşmanı bərbad idarə edib. O, nəticəyə təsir edən səhvə yol verməsə də, sarı vərəqələrdə, qayda pozuntularının dəyərləndirilməsində ciddi qüsurların müəllifi olub. Rauf Cabbarovun “Kəpəz”in qapısına aşkar penaltini verməməsi də məhz videogörüntülərin təhlili zamanı aydınlaşdı.


Xırda səhvlər çox idi və hər tursonrası müzakirələr belə aparılırsa, bunun müsbət nəticə verməməsi mümkünsüzdü. Əsas odur ki, bunlar qərəz yox, sadəcə, səhv olsun və zaman keçdikcə onların da sayı minimuma ensin.


“Neftçi” – “Qəbələ” oyunu ilə bağlı hər şey aydın idi. Hamı Əliyarın penalti təyin etməməsinin yanlış olduğunu təsdiqlədi. 74-cü dəqiqəyə kimi ideal idarə edilən qarşılaşmanın sonundakı səhvlər isə xeyli çox idi. Bunlardan ən önəmlisi son dəqiqələrdə “Qəbələ”nin də qapısına aşkar penaltinin təyin edilməməsi idi. Elə bu fakt göstərdi ki, Ağayev üçün mövsüm bərbad keçir. Bu mövsüm dəfələrlə səhv edib cəzalanan FİFA referisi 16 dəqiqəyə 2 penaltini “görməməklə” tənqidləri haqq edib. Onun “Qəbələ”yə qarşı qərəzi olsaydı, Fəhmin Muradbəylinin kobudluqla dayandırıldığı epizodda penalti təyin edərdi. Deməli, bu, yalnız səhv imiş, qərəz yox.


Digər epizodlardan da danışıldı. Rəşad Sadiqovun haqlı qırmızı vərəqəsi, cərimə zərbələri, Anyetenin simulyasiyaları… Xüsusilə sonuncu hakimlər arasında çox məşhurdu. İspan özünü elə tanıdıb ki, növbəti turlarda hansısa hakimi yandıracaq. Futbolçunun hər epizodda yalandan yıxılması sabah həqiqətən ona qarşı kobudluq olarkən adətini bilib penalti təyin etməyən hakimlərin başında çatlayacaq.


Tədbirin müzakirə hissəsi maraqlı oldu. Həm bu zaman, həm də mətbuat konfransında Əliyar Ağayevin səhvini etiraf etməsi gözlənilən idi. Videotəkrara baxarkən etdiyi səhvdən şoka düşdüyünü deyən FİFA referisinin səmimiliyinə qətiyyən şübhəm yoxdu. Elə Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov və Rauf Cabbarov da sanki Ağayevin səhvinə görə dilxor olmuşdular. Amma yenə də hamıdan səmimi görünən səbəbkar idi.


Ən istedadlı referimizin sifətindən peşmanlığı, gərginlikdə olduğu hiss edilirdi. İndi ona dəstək durmaq zamanıdı. Hamı kimi o da səhv edə bilər. Və bunu gizlətmədi, boynuna aldı. Cəzasını alacaq, bəlkə də bu mövsüm, ümumiyyətlə, təyinat almayacaq. Amma ona dəstək həm də sınmaması, uğurlarını davam etdirməsi üçün lazımdı. Qitənin ən perspektivli gənclərindən olan Əliyarı gözümçıxdıya salmaq heç kimə heç nə verməyəcək.

Xoş ab-havada keçən tədbirin yeganə mənfi auralı adamı Xaqani Məmmədov idi. Onun yetirmələrini qorumaq istəyi, bunun üçün özünü də zərbə altında qoymaq cəhdi başadüşüləndi. Amma, amma, amma…


Xaqani bəy vaxtilə jurnalist olub, bu sahəni yaxşı bilir. Gəl ki, hansı səbəbdəndisə heç kimlə münasibət qurmağı bacarmır. Az qala kölgəsindən də qorxan bu adam tədbir boyunca qələm əhlinə qarşı hücumda oldu, bir çox həmkarlarımı qınadı, yayımçı teleşirkətin əməkdaşlarını ittiham etdi. İnsan haqlı ola bilər, ancaq hər şeydə mətbuatı günahkar bilmək, jurnalistləri qərəzdə, muzdla yazı hazırlamaqda günahkar bilmək olmaz. Həm də görünür, bu ənənə halını alıb. Çünki hakimlər də öz çıxışında demək olar, eyni fikri təkrarladılar.


Məmmədov iki günün içində düşmənləri siyahısına sabiq həmkarlarını da qoşdu, açıqlama verən bəzi futbolçuları təhqir etdi, klub rəsmilərini qınadı. Həm də əksər iradlarında haqsız ola-ola. İnsan taktiki cəhətdən bu qədər də savadsız olmaz. Məhz bu səbəbdən qalan turlarda sədri ağ yuyub qara sərəcək, hakimliyə də məhz ona olan münasibəti müstəvisində qiymət verəcək. Gözəl təşkil olunmuş tədbiri özfəaliyyətə çevirmək, şou düzəltmək artıq idi. Onsuz da tezliklə Hakimlər və Hakim-İnspektorlar Komitələri birləşəcək, Əli Hüseynov sədr olacaq. Xaqani bəy özünü gözdən salmaqla sadəcə, bu prosesi sürətləndirdi.


Lənət şeytana, Məmmədovu bir kənara qoysaq, tədbir faydalı idi. Etiraf edim ki, jurnalistlər də müəyyən şeylər öyrəndi, oyun zamanı diqqətdən qaçırdığı bir sıra məqamları fərqli prizmadan gördü. Təki davamlı olsun. Qismət olsa, Xaqanisiz…

 

futbolinfo.az

0