[b]Teymur Rəcəbov mövqeyini itirir, Rauf Məmmədov “100-lüy”ə qayıtdı[/b]
30.04.2016 - 16:13
[b]Teymur Rəcəbov mövqeyini itirir, Rauf Məmmədov “100-lüy”ə qayıtdı[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, may ayı üçün müəyyənləşən 100 ən yaxşı arasında bu dəfə 5 Azərbaycan qrossmeysteri yer alıb.

 

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi dəyişməyib və 18-ci pillədəki yerini qoruyub. Buna baxmayaraq, o, 2 reytinq xalı itirib – 2748.

 

Məmmədyarovdan fərqli, yarışlara mütəmadi qatılmayan Teymur Rəcəbov (2726) geriləməkdə davam edir. O, daha 2 rəqibini özündən irəli buraxaraq, 29-cu yerə enib.

 

Yığmamızın digər üzvü Eltac Səfərli (2664) irəliləyib. 14 pillə yüksələn həmyerlimiz 82-cidi. Milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2663) isə yenə geriləyib. O, 84-cü pilləni tutur.

 

Rauf Məmmədov yeni siyahıda “100-lüyə” qayıdıb. Aktivində 2655 reytinq xalı olan qrossmeysterimiz 100-102-ci yerlərə şərikdi.

 

Reytinq siyahısının ilk “üçlüy”ündə də dəyişiklik olub. Cədvəldə Maqnus Karlsen (Norveç, 2851) yenə birinci olduğu halda, Vladimir Kramniklə (Rusiya, 2801) Fabiano Karuana (ABŞ, 2804) yerlərini dəyişiblər. Bu dəfə amerikalı ikinci, rusiyalı üçüncüdü.

 

Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

0