[b]“Bel götürüb bostanda işləyən adamdı” - Kamran Quliyev[/b]
02.05.2016 - 09:45
[b]“Bel götürüb bostanda işləyən adamdı” - Kamran Quliyev[/b]

“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXII turunda “İnter”ə (2:2) 1 xalı “hədiyyə” etdiz. Matçın belə dramatik alınmasının səbəbini nədə görürsüz?

- Qələbə qazanmalıydıq, özü də böyük hesabla. Ən azı qaçırılmış iki penaltini xatırlatmaq kifayətdi. Düzdü, penalti lotereyadı, amma burda da şanslar heç olmasa 50/50-yə olmalıdı. Amma biz onun hər ikisindən yararlana bilmədik. Hər iki hissədə kifayət qədər qol vəziyyətlərimiz oldu. Xüsusən də, “İnter”in mərkəz müdafiəçisi Zurab Xizanişvili zədələnərək əvəzləndikdən sonra rəqib çox boşluqlar buraxdı. Bizim futbolçularımız isə bundan istifadə edə bilmədilər.

 

- 4 hücumçu bir müdafiəçiyə qarşı çıxır və nə etdiklərini bilmirlər. Buna nə ad vermək olar: qeyri-peşəkarlıq, yoxsa məsuliyyətsizlik?

- Bu oyunda meydanda daha peşəkar oyunçular olsaydı, 5-6 top vurardıq. Oyun nizam-intizamı olmayanda və ya futbolçular hazır olmayanda məşqçi heyətinə sual vermək olar. Məşqçilər korpusu onları qapıya qədər gətirə bilər. Amma hücumçuya və ya yarımmüdafiəçiyə həmin anda topu qapıdan keçirməyi necə öyrətsin? Bunu 12 yaşı olanda müəllimi öyrətməlidi. Hər bir futbolçu oyun intizamını 95 dəqiqə qorumalıdı. Bir az boşluq buraxan kimi, istənilən Premyer Liqa komandası bunu əfv etmir. Elə hesab edin ki, oyunçuların beynində “keys” var. Oyun intizamını pozan futbolçularda bu “otkaz” edir. Şükür Allaha ki, bizim Amil Yunanovumuz var. Həm qol vurdu, həm iki penalti qazandırdı, həm də ikinci hissədə Ağabala Ramazanova qol vurmaq imkanı yaratdı. Təəssüf ki, sonradan zədələnərək əvəzləndi. Bəlkə də, Amil son 10 dəqiqədə meydanda olsaydı, fərqi artırıb qələbə qazanardıq.

 

- Amil Yunanovu gətirəndə onun bu səviyyədə futbol oynayacağını gözləyirdiz?

-  Biz istənilən futbolçunu gətirəndə deyirik ki, yaxşı oyunçudu, komandaya kömək edə bilər. 6 aydan, 1 ildən sonra bəzilərinə qarşı fikrimiz dəyişir, soyuqluq yaranır. “Sumqayıt” hər bir futbolçu üçün tramplindi. Bizim Xəyal Nəcəfov kimi daha bir perspektivli oyunçumuz var ki, “İnter”lə görüşü buraxırdı. Futbolçunun tez ruhdan düşməsi bizim işimizə mənfi təsir edə bilər. Buna görə də hamısına şans veririk. Yadınızdadısa, Məhəmməd Qurbanov bizə gələndə 3 ay onu heç kim tanımadı. Ondan sonra “açıldı”. Hər kəsə vaxt vermək lazımdı. Amil Yunanov qışda “Rəvan”la oyuna qədər harda idi? Yatırdı. Getdikcə onda özünəinam yarandı və komandaya daha çox xeyir verməyə başladı.

 

- Onun artıq əsas yığmada oynamaq vaxtının yetişdiyini düşünmürsüz?

- Bu barədə danışırıq. Fevraldakı təlim-məşq toplanışına Amilin çağırılması real idi. Düzdü, o, əvvəllər “Qəbələ”nin heyətində barmaqla sayılacaq qədər oyuna çıxıb. Amma Premyer Liqa səviyyəsində bizdə çıxış etməyə başlayıb. Amil Yunanovda qışdan sonra nədənsə “qopma” yarandı. Düşünmürəm ki, onda arxayınlaşma olub. Çünki o, bel götürüb, bostanda işləyən adamdı. İndi bir az açılışıb. Birincisi, Rauf Əliyevin özünə gəlməsini arzulayıram. İnanmıram ki, ciddi xəsarət alsın. Ola bilər ki, huşunu itirmişdi. Başına zərbə oldu. Amma o zərbə sayəsində də xal qazandılar. Görürsüz, forvard belə olar. Millimizin baş məşqçisi Robert Prosineçki özü həmişə vurğulayır ki, hücumçum yoxdu. İnanıram ki, bu cür davam etsə, Amil yığmaya çağırılacaq. Ağabala Ramazanov məhz bizim komandada vurduğu qollar və verdiyi məhsuldar ötürmələr sayəsində milliyə gedib çıxıb. Amilin də vuran ayağı var.

 

- Bu cür oyundan sonra sizin əsəbi olacağınızı gözləmək olardı. Amma üzünüz gülür...

- İslam qaydalarına görə, gərək səbrli olum.

 

- Baş məşqçi Samir Abasovla söhbətiniz oldumu?

- Oyundan sonra paltardəyişmə otağına girib futbolçularla görüşdüm. Necə deyərlər, bir az par çıxardıq.

 

- Yay fasiləsində komandada nə kimi dəyişikliklər olacaq?

- Təbii ki, gedənlər və gələnlər olacaq.

 

- Samir Abasov özü necə, komandada qalacaq?

- Samir müəllim çox böyük ehtimalla qalacaq. Biz artıq gələn mövsümün planlarını Samir müəllimlə qurmağa başlamışıq. Mən istəmirəm ki, əlavə dedi-qodu yaransın. Hansısa fors-major hadisə olmasa, onunla yolumuza davam edəcəyik. Biz tərəfdən Abasova etimad var.

 

- Gələn mövsüm də gənc oyunçularla çıxış edəcəksiz, yoxsa təcrübəlilərlə güclənəcəksiz?

- Bilirsiz, biz ilk mövsümümüzdə gənc komanda idik. Hazırda heyətdə 20-25 yaş arası olan oyunçular çoxluq təşkil edir. İndi Premyer Liqanın ən gənc komandası deyilik. Amma debüt mövsümündə əla təsir bağışlayan oyunçularımız var. Məsələn, Amil Yunanovun “İnter”in qapısına vurduğu top Avropanın aparıcı liqalarında vurulan qollardan fərqlənmirdi.

 

- Yenə legioner dəvət etməyəcəksiz?

- Biz legioner məsələsinə hər il baxırıq. Samir Abasov hesabatında belə bir müraciət etsə, Müşahidə Şurasında bunu müzakirəyə çıxaracağıq.

 

- Bir ara adınız “Neftçi” ilə yanaşı hallanırdı. Həqiqətən də, “Neftçi”yə getmək ehtimalınız var?

- Gülməli xəbərdi. Ola bilsin ki, kimsə bu məsələni şişirdib, çayxana söhbəti səviyyəsində dedi-qodu edib. Mən “Neftçi”dən hansısa rəsmi təklif almamışam, heç kimlə də danışmamışam. Əgər mənə ehtiyac duyulsa, böyük məmnuniyyətlə “Sumqayıt”da qalacam. Bu klubu tikənlərdən biriyəm.

 

Ruslan SADIQOV

0