[b]Gimnastlarımız Budapeşt Kubokunda 8 medal qazandı[/b]
02.05.2016 - 10:05
[b]Gimnastlarımız Budapeşt Kubokunda 8 medal qazandı[/b]

Macarıstanda idman gimnastikası üzrə gənclər arasında keçirilən II Budapeşt Kuboku başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış millimiz üçün uğurlu alınıb.

 

Belə ki, Murad Ağarzayev, Timur Bayramov, Ağamurad Qəhrəmanov, Sergiy Onbış, Cavidan Babayev, Səməd Məmmədli və Mənsum Səfərovla turnirə qatılan yığmamız yarışı 8 medalla başa vurub. I yaş qrupunda (1998-1999) çıxış edən Ağarzayev sərbəst hərəkətlər və dayaqlı tullanma üzrə finallarda müvafiq olaraq gümüş və bürünc medal qazanıb. Çoxnövçülükdə 8-ci yerdə qərarlaşan Murad turnik üzərində hərəkətlərin finalında 4-cü, halqalarda isə 5-ci olub. Elə həmin yaş qrupunda beynəlxalq arenada debüt çıxışını nümayiş etdirən digər gimnast Bayramov turnik (5-ci yer), halqalar (6-cı yer) və dayaqlı tullanma (8-ci yer) üzrə finallarda iştirak edib.

 

Onbış, Babayev və Qəhrəmanov II yaş qrupunda (2000-2001) çıxış ediblər. Dayaqlı tullanma üzrə final çıxışı Sergiyə “qızıl” medal gətirib, paralel qollar üzərində çıxışından sonra isə o, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Bu yaş qrupunda onun komanda yoldaşları – beynəlxalq arenada ilk dəfə çıxış edən Babayev halqalar üzərində finalda 4-cü mövqedə qərarlaşıb, Ağamurad Qəhrəmanov isə sərbəst hərəkətlərdə 4-cü yeri Böyük Britaniyadan olan gimnastla bölüşüb və dayaqlı tullanma üzrə çıxışında 5-ci pillədə qərarlaşıb.

 

Gənclərin ən kiçik, III yaş qrupunda (2002-2003) çıxış edən Səməd Məmmədli bir dəst medalla kifayətlənmədi (sərbəst hərəkətlər - “qızıl”, gimnastika atı - “gümüş”, çoxnövçülük - “bürünc”). Paralel qollar üzərində çıxışı isə ona ikinci gümüş medalı qazandırıb. Bu alət üzərində hərəkətlərdə beynəlxalq yarış meydançasına ilk dəfə qədəm qoyan Səfərov isə Almaniyanı təmsil edən gimnastla 4-cü yeri paylaşıb.

 

Qeyd edək ki, gənc gimnastlarımızı qarşıda Avropa birinciliyi (Bern, İsveçrə - 25-29 may) gözləyir. Burada Azərbaycan ilk dəfə olaraq komanda hesabı yarışlarda çıxış edəcək. 

 

0