[b] “İnter”in finala yüksəlmək şansı var” - Mirhüseyn Seyidov [/b]
02.05.2016 - 12:03
[b] “İnter”in finala yüksəlmək şansı var” - Mirhüseyn Seyidov  [/b]

“İnter” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXII turunda “Sumqayıt”la öz meydanınızda qollu (2:2) heç-heçə etdiz. Oyun barədə nə deyə bilərsiz?

- Matça çox yaxşı hazırlaşmışdıq. Dramatik oyun keçdi. Qırmızı vərəqələr, penaltilər... Bərabərlik topunu da son dəqiqələrdə vurduq. Bu heç-heçə bəlkə də, 3 xala bərabərdi. 60 dəqiqədən çox bir nəfər azlıqda çıxış etdik. Məncə, 1 xal qazandığımız üçün sevinməliyik.

 

- Qarşılaşmanın belə dramatik məcraya gəlib çıxmasına nə səbəb oldu?

- Bəlkə də, bizim 10 nəfərlə qalmağımız rəqibi arxayınlaşdırdı. Amma uşaqlar sağ olsunlar ki, 1 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bunun da bəhrəsini gördük. Şübhəsiz ki, bunu çempionatın ən maraqlı oyunlarından biri saymaq olar. Premyer Liqada 3-cü yer uğrunda mübarizədən qopmamaq üçün heç olmasa heç-heçə etməliydik.

 

- Rəqib iki penaltini, saysız-hesabsız qol şanslarını qaçırdı. Bunlar sizə əlavə ruh yüksəkliyi vermədi?

- Doğru qeyd etdiniz. Rəqib qol şanslarını dəyərləndirə bilmədikcə, bu, bizə əlavə stimul verdi. Sona qədər də gücümüzü ortaya qoyduq. Əziyyətimiz hədər getmədi.

 

- “İnter” son vaxtlar “Sumqayıt”la matçlarda çətinlik çəkir. Bunu nə ilə əlaqələndirmək olar?

- Ola bilsin ki, “Sumqayıt”la oyunlar çempionatın ağır vaxtlarına düşür, təqvim sıx olur. Xüsusi vurğulamazdım ki, “Sumqayıt”a qarşı oyunumuz alınmır. Görünür, çətin vaxtlarımız “Sumqayıt”la qarşılaşmaya təsadüf edir.

 

- Ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”a böyükhesablı (0:4) məğlubiyyətdən sonra bəlkə komandada özünəinam itmişdi?

- Bunun da müəyyən təsiri olub. Amma çalışırıq həmin görüşü unudaq. Çünki qarşıda hələ kubokun cavab matçı, həmçinin çempionatda 4 oyun qalır. Məqsədimiz mövsümü ilk “üçlük”də bitirməkdi. Bunun üçün də sona qədər “vuruşacağıq”.

 

- Yəqin ki, artıq ölkə kubokunu unutmusunuz...

- Demək olar ki, bəli, unutmuşuq. Düzdü, “Qarabağ”la cavab matçı var. Meydanda əl-qolumuzu aşağı salmayacağıq. “İnter”in adı üçün çıxıb mübarizə aparacağıq. Ancaq etiraf etməliyəm ki, finala çıxmaq şanımız var amma maksimum 20-30 faiz.

 

- Bəs çempionatdan necə, Avropa Liqasına vəsiqə qazana biləcəksizmi?

- Yalnız bunun üçün çalışırıq. İstəyirik bu mövsüm Avrokuboka vəsiqə qazanıb, cəzanı bitirək. Ondan sonra gələn mövsümə daha ciddi və ruh yüksəkliyi ilə hazırlaşmaq olar. Son 4 turu itkisiz başa vurub, hədəfimizə çatmaq istəyirik.

 

Ruslan SADIQOV

0