[b]Emil Balayevin “Ayntraxt”dan ayrılacağı təsdiqləndi[/b]
02.05.2016 - 12:38
[b]Emil Balayevin “Ayntraxt”dan ayrılacağı təsdiqləndi[/b]

Almaniyanın “Ayntraxt” klubunda çıxış edən azərbaycanlı qapıçı Emil Balayevlə mövsümün sonunda yolların ayrılacağı təsdiqlənib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt təmsilçisi həmyerlimizlə əməkdaşlığı davam etdirmək niyyətində deyil.

 

Balayevin “Ayntraxt”a lazım olmadığı haqda xəbərlər hələ bir müddət öncə çıxmışdı. Almaniyalı həmkarlarımız baş məşqçi Niko Kovaçın “qara siyahı”sına böyük ölçüdə aydınlıq gətiriblər.

 

Müqaviləsinin sonuna az qalmış futbolçulardan Anis Ben-Hatira və Makoto Hasebe ilə yeni sözləşmə imzalanacaq. Bunu açıqlamasında komandanın baş məşqçisi Niko Kovaç da təsdiqləyib. O, hər iki oyunçunun çıxışından razı olduğunu və onların komandada qalacağını bildirib.

 

Rəhbərlik 1 il 6 aydı “Ayntraxt”ın düşərgəsində olan Emil Balayevlə isə danışıq masası arxasında əyləşmək fikrində deyil. Hələ də Bundesliqa klubunun heyətində rəsmi oyunda debüt etməyən 22 yaşlı qolkiper indidən özünə yeni komanda axtara bilər.

 

Emillə yanaşı, digər qapıçı Yannik Zummakın da komandadan göndəriləcəyi bildirilir. 20 yaşlı qolkiper də Balayev kimi, oyun praktikasının azlığından əziyyət çəkir. Bu səbəbdən “Ayntraxt” rəhbərliyi Zummakın başqa kluba keçidinə qarşı deyil.

 

0