[b]Millimizin futbolçusu Bundesliqa yolunda[/b]
03.05.2016 - 10:16
[b]Millimizin futbolçusu Bundesliqa yolunda[/b]

“Karlsrue” ilə müqaviləsinin müddəti yayda başa çatacaq Dmitri Nazarov Almaniyada qala bilər. Apasport.az saytı xəbər verir ki, millimizin üzvünün karyerasını Bundesliqada davam etdirmək variantı var.

 

Belə ki, Almaniya çempionatının təmsilçiləri II Bundesliqa klublarında müqavilə müddəti sona yaxınlaşan futbolçularla indidən maraqlanmağa başlayıblar. Mövsümün sonunda 11 oyunçunun Bundesliqaya yüksəlmək şansının olduğu bildirilir.

 

Daniel Adlunq, Yan Hokşeydt, Ken Reyxel, Morits Stoppelkamp, Marko Terrazzino, Rubin Okotie, Mənsur Mujdza, Giorgi Çanturia, Danni Blum və Ruben Yenssenin yer aldığı siyahıda Dmitri Nazarovun da adı var.  Almaniyalı həmkarlarımız Azərbaycan yığmasının da formasını geyinən Nazarovla Bundesliqa klublarının maraqlandığını yazıblar.

 

Bu mənada, 26 yaşlı yarımmüdafiəçinin klubsuz qalmayacağı, əksinə Bundesliqa təmsilçisinə keçəcəyi qeyd olunub. Nazarovla Almaniya çempionatında iştirak edən komandaların maraqlanması onun universallığı, bir neçə mövqedə oynaya bilməsi və hücum planında kəsərli təsir bağışlaması ilə əlaqələndirilib.

 

Qeyd edək ki, 2013-cü ildən “Karlsrue”nin formasını geyinən Nazarov 2014-cü ildən Azərbaycan yığmasına dəvət alır. O, millimizin heyətində 15 oyunda 4 qola imza atıb. 

0