[b]Qəbələdə 3-cü “hissə”, Masazırda ilk həyəcan[/b]
03.05.2016 - 10:33
[b]Qəbələdə 3-cü “hissə”, Masazırda ilk həyəcan[/b]

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri paytaxtda, digəri əyalətdə baş tutacaq.

 

Günün ilk matçı Qəbələdə oynanılacaq. İlk finalçının müəyyənləşəcəyi görüşdə “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Son 8 gündə 3-cü dəfə qarşılaşacaq komandalar həm kubokun ilk matçında (1:1), həm də çempionat qarşılaşmasında (2:2) heç-heçə edib.

 

Rəqiblərin 2 il əvvəl finalda da 1:1 hesablı heç-heçə etdiyini nəzərə alsaq, matçın həmin vaxt olduğu kimi penaltilər seriyasına qədər uzanması mümkündü. Komandaların son 11 matçında meydan sahibi olan tərəf qələbə qazana bilmir. Roman Qriqorçukun komandası 2013-cü ildən davam edən bu seriyanı qırmaqla, tarixinin 2-ci finalına yüksəlməyə iddialıdı.

 

“Qəbələ” – “Neftçi” rəqabətinin 3-cü pərdəsi hər iki komanda üçün vacib əhəmiyyət kəsb edir. Meydan sahibləri ilk titul, bakılılar avrokuboklara vəsiqəyə yaxınlaşmaq üçün sərfəli nəticə əldə etməlidi. Ardıcıl 4 dəfə finalda oynayan “Neftçi” isə bu uğurunu 5-ə çatdırmaq arzusundadı. Tarixinin ən ağır günlərini yaşayan paytaxt klubu Avropa Liqasına kubokun qalibi kimi yollanmaq imkanından yararlanmaq üçün bütün gücünü meydana qoyacaq. Vəli Qasımovun yetirmələri Premyer Liqadakı uğursuzluğu burada unutdurmağa borcludu.

 

Günün digər matçı isə daha çox formal xarakter daşıyır. Səfərdə “İnter”i 4:0 hesabı ilə məğlub edib, finala doğru böyük addım atan ağdamlılar möcüzə baş verməməsi üçün meydana çıxacaq.

 

“Qarabağ” stadionu 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olduğundan Qurban Qurbanovun yetirmələri yeni məkanda meydana çıxacaq. Belə ki, bu səviyyədə oyunlar həyəcanı ilk dəfə Masazırda yaşanacaq.

 

Dünən çempionluğu bayram edən əyalət klubu ardıcıl ikinci dəfə “Qızıl dubl”a imza atmaq iddiasında olduğunu cavab matçında da göstərməlidi. Artıq finalda olduğu şübhə doğurmayan “Qarabağ” kubokdakı 5 oyunluq qələbə seriyasını uzatmaq niyyətindədi. Yarımfinalı keçmək ümidi qalmayan “İnter” isə yalnız imici üçün “vuruşacaq”. Bunun üçün Zaur Svanadzenin yetirmələri minimal hesabla da olsa qalib gəlib, mövsümdə ilk dəfə çempionu məğlub etməlidi.

 

Azərbaycan kuboku

1/2 final, ilk oyun

4 may (çərşənbə)

 

16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

İlk oyun – 1:1

 

19:00. “Qarabağ” – “İnter”
Masazır qəsəbə stadionu

İlk oyun – 4:0

 

0