[b] “Neftçi” daha şanslıdı”[/b]
03.05.2016 - 18:14
[b] “Neftçi” daha şanslıdı”[/b]

Sabah ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ” “İnter”i, “Qəbələ” isə “Neftçi”ni qəbul edəcək.

 

İlk görüşdə 4:0 hesablı qələbəyə sevinən “Qarabağ” finala vəsiqəni böyük ölçüdə həll edib. Bu görüşdən fərqli, “Qəbələ” – “Neftçi” matçı gərgin mübarizə vəd edir. Çünki komandaların ilk duelində 1:1 hesabı qeydə alınıb.  

 

Biz isə kubok görüşləri ilə bağlı futbol mütəxəssislərinin mövqeyini öyrəndik...

 

Vaqif Sadıqov (AFFA İcraiyyə Komitəsinin üzvü): “Qarabağ” məsələni həll edib. Bu komanda sərgilədiyi oyunun məzmununa, heyətinə görə finalda çıxış etməyə layiqdi. Cavab matçına da ciddi yanaşacaqlar. O ki qaldı digər görüşə, şansları bərabər sayıram. Gərgin oyun olacaq. Səfərdə qeydə alınan 1:1 hesabı “Qəbələ” üçün nisbi üstünlük sayıla bilər. Amma bu, böyük üstünlük demək deyil. “Qəbələ” meydana sırf nəticəni qorumaq düşüncəsi ilə çıxmamalıdı. Komandanın bəzi itkiləri var ki, bu da “Qəbələ”yə problem yarada bilər. Üstəlik, çempionatdakı son oyunları da “Neftçi”nin psixoloji cəhətdən üstün olduğunu göstərdi. Düşünürəm ki, bizi, azarkeşləri çox maraqlı görüş gözləyir. Qalibin adı əsas vaxtda müəyyənləşməyə də bilər. Hamı indiki məqamda “Qarabağ”ı oyununa, heyətinə görə digərlərindən bir baş üstün sayır. Ancaq final fərqli dueldi. Orda istənilən nəticə qeydə alına bilər”.

 

Arif Əsədov (“Neftçi”nin və Azərbaycan yığmasının sabiq baş məşqçisi): “Qarabağ” cütün taleyini ilk oyunda həll edib. Mən həmin görüş keçirilməmişdən əvvəl də finala “Qarabağ”ın adlayacağını demişdim. İlk matçda 4:0 hesablı qələbə qazandılar. “Qarabağ” bu üstünlüyünü əldən verməz, onları artıq finalda saymaq olar. “Qarabağ” hər iki cəbhədə birincilik uğrunda mübarizə aparırdı. Artıq çempionluğu rəsmiləşdiriblər. Amma kubokda sürpriz nəticələr daha çox olur.

O ki qaldı “Qəbələ” – “Neftçi” cütünə. İlk oyunda qeydə alınan 1:1 hesabı “Qəbələ” üçün sərfəli olsa da, mən bu komandanın işinin çətin olacağını düşünürəm. Hətta “Neftçi” daha şanslıdı. Hər halda, mən bakılıların şansının bir qədər çox olduğu qənaətindəyəm. Çünki çempionatda keçirdikləri son qarşılaşmada “Neftçi” daha istəkli görünürdü. “Qəbələ”də isə yorğunluq hiss etdim. “Neftçi” sürətdə rəqibini üstələyirdi. Çempionat matçından sonra orda qaldılar. Bu da onların lehinə olacaq”.

 

Mahmud Qurbanov (Azərbaycan yığmasının məşqçisi): “Qarabağ” – “İnter” matçı barədə geniş danışmağa ehtiyac görmürəm. Çünki ilk oyunda qeydə alınan hesab hər şeyi izah edir. Birinci görüşdə 0:4 hesabı ilə uduzan “İnter”in cavab matçında geri dönüş edəcəyini düşünmürəm. “İnter”in finala adlamaq şansı yoxdu. Çempionatda da “Qarabağ” onları məğlub etdi.

Digər qarşılaşmaya maraq daha çoxdu. “Qəbələ” və “Neftçi” komandaları kubokun ilk görüşündə olduğu kimi, çempionat matçında da heç-heçə oynadılar. Odu ki, kimisə favorit adlandırmaq olmur, şanslar bərabərdi. “Qəbələ” çempionatda qızıl medaldan məhrum olub. “Neftçi” də Avropa Liqasına vəsiqə əldə etmək istəyir. Odu ki, hər iki komanda üçün bu görüş əhəmiyyətlidi. İlk matçda 1:1 hesablı nəticə qeydə alındığından, “Neftçi” cavab matçında qol vurmağa məcburdu. Deməli, daha çox hücum edən tərəf “Neftçi” olacaq. “Qəbələ” isə ehtiyatlı oynamalıdı. Amma bu komandanın müdafiə xətti son vaxtlar yaxşı təsir bağışlamır.

Məncə, “Qarabağ” ötən il olduğu kimi, bu il də “Qızıl dubl” etməyə daha yaxındı”.

 

 

0