[b]Azərbaycanlı hakim Cüneyt Çakır haqda: Bəzi səhvlərə yol verdi[/b]
04.05.2016 - 11:26
[b]Azərbaycanlı hakim Cüneyt Çakır haqda: Bəzi səhvlərə yol verdi[/b]

“Türkiyəli hakimin UEFA və FİFA-nın yüksək səviyyəli oyunlarını idarə etməsi bir türk oğlu kimi məni razı salır. Hakimlikdə adətən ingilislər, fransızlar öndə olurlar. Onların sırasında türkiyəli referinin də olması məni sevindirir. Görünən odu ki, Çakıra inanırlar”. Bu sözləri apasport.az saytına açıqlamasında sabiq FİFA referisi İmanxan Sultani deyib.

 

Türkiyəli hakim Cüneyt Çakırın Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bavariya” – “Atletiko” matçındakı idarəçiliyi sərt tənqidə məruz qalıb. Görüşdə kobud səhvləri ilə yadda qalan referini sifarişli oyun idarə etməkdə günahlandıranlar da az deyil.

 

Bununla bağlı fikirlərini bölüşən İmanxan Sultani sabiq həmkarına dəstək olub: “Gərgin oyun idi. Mən “Bavariya”nı heç vaxt belə həyəcanlı, əsəbi görməmişdim. Komandalar bir-birinə qarşı çox aqressiv davranırdılar. Futbolçular yarımfinal matçının nə qədər vacib olduğunu anlayırdılar. Əlbəttə ki, belə görüşlərdə səhvlərin olmamağı mümkün deyil. Çakırın sifarişli oyun idarə etdiyinə inanmıram. Sadəcə, matçın gərginliyi çox idi. Hakim də insandı, gərgin olur. Yarımfinal matçının məsuliyyəti böyükdü. Çətin olacağını özü də bilirdi. Üstəlik, iki futbol ölkəsinin təmsilçiləri qarşılaşırdılar. Çakırın öz karyerası var və “sifariş” söhbəti buna mənfi təsir edə bilər. Odu ki, mən Cüneyt Çakırın sifarişli oyun idarə etdiyini düşünmürəm”.

 

Ayrı-ayrılıqda epizodları dəyərləndirən Sultani öncə “Atletiko”nun futbolçusu Antuan Qrizmannın vurduğu qola toxunub. O, fransalı futbolçunun oyundankənar vəziyyətdən fərqləndiyini bildirib: “Epizodun təkrarında göründü ki, Qrizmann rəqib müdafiəçidən yarı “korpus” qabaqda idi. Həmin epizodda ofsayd qeydə alınmalıydı”.

 

Penalti epizodlarını dəyərləndirən Sultani burda da Çakırın səhv etdiyini təsdiqləyib: “Bavariya”nın lehinə verdiyi 11 metrlik cərimə zərbəsi haqlı idi. Ancaq ikinci penalti epizodunda səhvə yol verdi. “Atletiko”nun futbolçusuna cərimə meydançasından kənarda kobudluq edilmişdi, lakin Çakır penalti nöqtəsini göstərdi”.

 

Sultani “Bavariya”nın vurduğu ikinci qolda məhsuldar ötürmə verən Arturo Vidalın “hava mübarizəsində” rəqib futbolçuya qarşı kobud oynamadığını bildirib: “Bədənin dinamikası var. Məncə, Vidal qaydanı pozmamışdı, rəqib futbolçudan qabaq tullanmışdı. Düşənə yaxın əli rəqib oyunçunun bir balaca çiynində idi. Amma “Atletiko”nun müdafiəçisi gecikmişdi. Vidal fiziki üstünlüyünün hesabına hava mübarizəsindən qalib ayrıldı. Məncə, Çakır orda qayda pozuntusu təyin etməməklə düz qərar verdi”.

 

Sabiq FİFA referisi bu səviyyədə görüşü idarə edə biləcək azərbaycanlı hakimin olmadığını qeyd edib: “Bizdə elə hakim yoxdu. Belə oyunları idarə etmək üçün ilk növbədə, güclü çempionatımız olmalıdı. Hakimlər daha müasir təlim-məşq toplanışları keçməli, metodlara üstünlük verməlidilər. Yəni UEFA-nın təlimatına uyğun olmalıdı. Hal-hazırda nə elə çempionatımız var, nə də ÇL-də oyun idarə edə biləcək təcrübəli hakimimiz. Əgər Azərbaycan çempionatında xırda səhvlər çox edilirsə, bizim hakimlərə Çempionlar Liqasında daha çətin olar. Bəlkə də, fiziki cəhətdən “çatdıra” bilərlər, amma psixoloji cəhətdən problemlə üzləşərlər. Hər hakimin pik vaxtı var. Necə ki, futbolçuların ən yaxşı formada olan vaxtları olur, hakimlərdə də elədi. Çempionat başlamamışdan əvvəl təlimləri yaxşı keçmisənsə, güclü oyunlar idarə etmisənsə, karyeran inkişaf xətti üzrə hərəkət edirsə, Avroliqa və Çempionlar Liqasına mütəmadi təyinat alırsansa, belə oyunları idarə edə bilərsən. Amma birdən-birə sənə bu cür oyun tapşırsalar, təkcə mənə yox, istənilən hakimə çətin olar. Biz də bu cür oyunlar idarə etməmişik. Orda sürət, futbolçularla münasibət fərqlidi”. 

0