[b]“Almanlar bizi saymırlar, məni çox əsəbiləşdirirlər ” – Aleksandr Petrakov[/b]
04.05.2016 - 15:26
[b]“Almanlar bizi saymırlar, məni çox əsəbiləşdirirlər ” – Aleksandr Petrakov[/b]

Sabah Bakıda start götürəcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının B qrupunda yer alan Ukrayna millisi ilk oyununu Almaniyaya qarşı keçirəcək. Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov turnir öncəsi apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. Bir qədər hirsli olan mütəxəssis jurnalistlərdən incik görünürdü. Səbəbi isə media əhlinin bugünkü mətbuat konfransında Almaniya yığmasının baş məşqçisinə xüsusi maraq göstərməsi idi. Petrakov sabah meydanda baş verənlərdən sonra jurnalistlərin yanılacağını əsəbi şəkildə ifadə etməkdən çəkinməyib.

 

- Bakıya gələn ilk komanda Ukrayna oldu. Bu müddət ərzində şəhərimizin gəzməli-görməli yerlərinə baş çəkdiniz?

- Hələ buna nail olmamışıq. Bu gün uşaqlar gəzməyə çıxacaqlar. Onlar yaxın əraziləri gəzəcəklər. Komanda şəklində bunu reallaşdırmağa vaxtımız olacaq. Həm də mart ayında Bakıda olmuşduq. Həmin vaxt gəzmək, görmək imkanımız oldu.

 

- Bəs martda gəzdiyiniz Bakı haqda təəssüratlarınız necədi?

- Ancaq müsbət fikir söyləyə bilərəm. Çox gözəl şəhəriniz var. Xüsusilə də, çoxsaylı idman komplekslərinin olması yaxşı haldı. Bu şərait hazırkı vaxtda Ukraynada yoxdu. Ona görə də ölkəniz çox xoşuma gəlir.

 

- Bayaqdan jurnalistlər əsasən Almaniya millisinin baş məşqçisinə diqqət göstərirlər. Bu sizə psixoloji baxımdan necə təsir edir?

- Bizi saymırlar, eybi yox. Almanlar bu hərəkətləri ilə məni çox əsəbləşdirirlər. Bu gün bizə az diqqət göstərirlər, eybi yox, sabah diqqətlər bizə yönələcək. Onlar üçün xüsusi sürpriz hazırlayacağıq.

 

- Bəs final mərhələsi haqda nə düşünürsüz?

- Artıq həlledici mərhələdəyik. 16 komandanın hamısı eyni səviyyədədi. Konkret kimisə fərqləndirmək istəməzdim. Rəqiblərin hər birini tanıyıram. Həm də bunlar gənclərdi, hər cür nəticə qeydə alına bilər. Sürprizlər qaçılmazdı.

 

- Qrupunuzda hansı komandanı favorit hesab edirsiniz?

- Bosniya və Herseqovinanı favorit hesab edirəm.

 

- Bu mərhələdə ilk dəfə iştirak edən komandanı favorit hesab etmək nə dərəcədə reallığa yaxındı?

- Bu, mənim fikrimdi. Bosniya və Herseqovina çox yaxşı komandadı. Onlarla oynamışıq, nəyə qadir olduqlarını bilirik. Ona görə də favorit kimi onların adını qeyd etdim.

 

- Amma Portuqaliyanın adını xüsusi qeyd edirlər. Onların baş mükafata sahib olmaq şansları nə qədərdi?

- Biz U-20 ilə birgə Yeni Zelandiyada keçirilən dünya çempionatına qatılan zaman Portuqaliyanın hazırkı baş məşqçisi Elio Souza da orda idi. Onu yaxşı tanıyıram. Bilirəm ki, güclü kollektiv formalaşdırmağı bacarır. Məşqçi kimi də işini yüksək qiymətləndirirəm.

 

- Martda Bakıya gələn zaman komandanızdakı problemlərdən danışmışdınız. Bəs indi necə, sizi narahat edən məqamlar qalıb?

- Xeyr, indi gənclər arasında liqalar başlayıb. Onlar aprelin 9-da, 13-də, 16-da və 20-də öz çempionatlarında oyunlar keçirdilər. Daha sonra komandamı toplayıb Türkiyəyə təlim-məşq toplanışına yollandım. Yaxşı hazırlıq keçmişik. Bura problemsiz gəlmişik.

0