[b]“Heyətdən kənarda qalmaq ehtimalı var idi” – Mətin Gülər[/b]
04.05.2016 - 19:54
[b]“Heyətdən kənarda qalmaq ehtimalı var idi” – Mətin Gülər[/b]

Futbol üzrə 17 yaşlılardan ibarət milli komandamızın yarımmüdafiəçisi Mətin Gülərin apasport.az saytına müsahibəsi.

 

- Avropa çempionatına hazırlıq necə keçdi?

- Məşqlərimiz yaxşı keçir. Hər şey yolundadı. Komandanın düşərgəsində xeyli sayda futbolçu var idi. Yekunda baş məşqçi “18-liy”i müəyyənləşdirdi. Mən də bu siyahıda yer aldığım üçün sevinirəm.

 

- Heç heyətdən kənarda qala biləcəyini düşünürdün?

- Artıq 2 ildir Azərbaycan millisinin formasını geyinirəm. Bununla belə, Avropa çempionatı öncəsi heyətə yeni oyunçular qatıldı. Hər kəsin heyətdən kənarda qalmaq ehtimalı var idi. Yekunda heyətə düşə bildim.

 

- Komandaya yeni qoşulan Atlam Ege də sənin kimi “Beşiktaş”da çıxış edir. Onun oyunu haqqında fikirlərin necədi?

- Əvvəlcə onu deyim ki, yeni gələn oyunçuların hər biri komandamıza kömək edəcək səviyyədədirlər. O ki qaldı, Atlam Egeye, o da əvvəlcə həyəcanlı idi. Ancaq heyətdə yer almağı bacardı və komandamızın uğuru üçün əlindən gələni edəcək.

 

- Portuqaliya ilə oyunda sizdən qələbə gözləmək olar?

- Təbii ki. Nəyə görə Portuqaliyanı məğlub etməyək? Bir oyundu və meydanda hər şey ola bilər. Hər birimizin xəyalları, arzuları var, çempion olmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq.

 

- Rəqibin oyununu izləmisiz?

- Bəli, izləmişik.

 

- Fərqləndirmək istədiyin hansısa oyunçu var heyətlərində?

- Konkret hansısa oyunçuları fərqləndirmək istəməzdim. Rəqibi analiz etmişik, zəif və üstün cəhətlərini bilirik.

 

- “A” qrupunun favoriti hansı komandadır?

- Hər zamankı kimi Azərbaycan deyəcəm. Rəqiblərimiz güclüdülər, bunu danmaq olmaz. Yenə də qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq.

 

- Türkiyədə Azərbaycan yığmasına və sənin özünə maraq necədir?

- Dostlarım, məşqçilərim mənə daim dəstək olurlar. Avropa çempionatını onlar da diqqətdə saxlayacaqlar. Hər kəs çempionatı və Azərbaycan yığmasının oyunlarını həyəcanla izləyəcək.

 

- U-17 millimizin son qolunu Rusiya ilə görüşdə sən vurmusan. Sabahkı oyunda da azarkeşlərə qol söz verə bilərsən?

- Əlbəttə. Meydana çıxarkən komandanın uğuru üçün hər şey edəcəm. Qol vurub komandama fayda vermək istəyirəm.

0