[b]“Dünyada analoqu olmayan penalti axtarılıb tapıldı” [/b]
21.05.2016 - 17:40
[b]“Dünyada analoqu olmayan penalti axtarılıb tapıldı” [/b]

“2001/2002 mövsümündə “Şəfa” - “Xəzər Universiteti” oyunu keçirilmişdi. Çox təəssüf ki, həmin vaxt hakim qalmaqalına görə çempionat dayandırılmışdı. Topaz Premyer Liqasının son turu çərçivəsində keçirilən “Rəvan” - “Xəzər Lənkəran” matçını da bu qarşılaşma ilə müqayisə edə bilərəm”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, sabiq FİFA referisi və “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanov deyib.

 

Topaz Premyer Liqasında növbəti mövsüm arxada qaldı. 286 günlük marafon XXXVI turla yekunlaşdı. “Qarabağ” “qızıl”ı, “Qəbələ” “bürünc”ü ardıcıl üçüncü dəfə qazandı. İkinci yer isə debütant “Zirə”yə qismət oldu. Mövsümü dəyərləndirən təcrübəli mütəxəssis söhbətə çempionatın son turunda da qeydə alınan qalmaqalla başlayıb. O bildirib ki, “Rəvan” - “Xəzər Lənkəran” matçında qonaqlar 2:1 hesabı ilə öndə olarkən qapılarına təyin olunan penaltinin dünyada analoqu yoxdur: “Çempionat ərzində hakim qalmaqalı çox oldu. Fikrimcə, 1992-ci ildən keçirilən ölkə çempionatında belə zəif mövsüm olmamışdı. Belə bir taleyüklü oyun üçün FİFA referiləri hanı? Bu görüşdə çempionatda qalma məsələsi həll olunurdu. Əgər FİFA referisi bu oyuna təyinat almırsa, bütün günah təşkilatçılardadır. Dünyada analoqu olmayan bir penalti axtarılıb tapıldı”.

 

“Xəzər Lənkəran”ın Premyer Liqadan düşməsində hələ XXXV turda “Rəvan” - “Qarabağ” oyununun da rolu az olmadı. Həmin matç müəyyən mübahisə və şübhələrə yol açdı. T.Süleymanov isə burada hansısa “məsələ”nin rol oynamasını inkar edib: “Görüş ictimaiyyətdə müəyyən şübhələr doğurdu. Amma bunun bütün günahı “Xəzər Lənkəran” üzərindədir. Bütün şəraitə malik komanda belə çıxış edib, son turdan asılı vəziyyətə düşməməli idi. Fikirləşin, komandanın prinsipial rəqibi olan “Neftçi” azarkeşləri belə onların çempionatdan getməsini istəmirlər. Çünki bu kimi hallar futbolumuzun inkişafına ziyandır. Əgər derbilər və ya bölgələrimizdə komandalar olmayacaqsa, bu idman növünün inkişafından danışmağa da dəyməz”.

 

Arxada qalan mövsüm qalmaqallarla zəngin oldu. Hakimlərin və şübhəli matçların çempionata vurduğu damğanın kənardan necə görünməsindən danışan sabiq FİFA referisi ili qeyri-kafi qiymətləndirib.

 

T.Süleymanov ardıcıl 3-cü dəfə qızıl medallara yiyələnən “Qarabağ”ın hegemonluğunun çempionatın ümumi səviyyəsinə təsirindən də söz açıb. O, ağdamlıların dominantlığına tezliklə son qoyulacağına da inanmır: “Bizim “Neftçi”də işlədiyimiz vaxtlarda 5-6 klub mütləq çempionluğa oynayırdılarsa, indi o durum yoxdur. Çempionatın əvvəlində 10 komandanın iştirakı belə sual altında idi. “Rəvan”a “yalvarıb” çempionata gətirdilər. Əgər yarışa komanda belə qoşulursa, Premyer Liqanın səviyyəsindən danışmağa dəyməz. Eyni zamanda “Neftçala” 2 ildir ki, I divizionda çempion olur, lakin güclülər dəstəsinə çıxa bilmir. Bu da futbolumuzda sual doğuran məqamdır”.

 

Mövsüm ərzində “İnter”, “Xəzər Lənkəran”, “Bakı” kimi klublarımıza UEFA sanksiyalar yağdırdı. Bu səbəbdən “İnter” bu il avrokuboklardan kənarda qalacaq, “Xəzər Lənkəran”a, “Rəvan”a isə çempionatda oynamaq üçün lisenziya verilmir. Sabiq klub rəsmisi bunun nədən qaynaqlandığını açıqlayıb. O bildirib ki, hər şey ikili müqavilələrdən və klublarda işini bilməyənlərin çalışmasından irəli gəlir: “Əcnəbi futbolçular federasiyadan, PFL-dən keçməyən müqavilələri klublarla bağlayırlar. Bu da həmin qurumlarda qeydə alınmır. Klublarda onsuz da qeyri-peşəkar, futboldan uzaq insanlar həddindən artıq çoxdur. Bu işləri də bilmədikləri üçün belə də hallar yaranır. İkili standartlarla müqavilələr kənara qoyulsa, bu məsələlərin 90 faizi avtomatik aradan götürülər. Amma artıq gecdir, həmin milyonlar yoxdur Azərbaycan futbolunda. Bəzi klubların mövcudluğu belə sual altındadır”.

 

Arxada qalan mövsümü son illərin ən maraqsız və ən zəif çempionatı hesab edin T.Süleymanov Azərbaycanda mükəmməl futbolun olmadığı qənaətindədir: “Tez-tez vurğulayırlar ki, yüksək səviyyəli futbol, mükəmməl qol və s. Azərbaycan futbolunda bunların heç biri yoxdur. O mükəmməl futbolu “Barselona”, “Real”, “Bavariya” oynayır. Bəli, Azərbaycanda mübarizlik ola bilər. İnşallah, “Qarabağ” Çempionlar Liqasının qrupuna çıxar ki, bu da Avropanın orta səviyyəsi deməkdir. Biz çalışıb məsələyə kompleks yanaşmalıyıq ki, futbolun inkişafına təkan verilsin. Klublara dövlət, sponsor qayğısı var. Bunun qarşılığında da orada işləyənlər bəhanələr gətirməməli, doğru-dürüst işlər görməlidirlər”.  

 

Sabiq vitse-prezident mövsümdə yaxşı və pis mənada onu təəccübləndirən komandalardan da danışıb. O, “Neftçi”nin Azərbaycan kubokunun finalına çıxmasını uğur saymayaraq bildirib ki, “ağ-qaralar”ın minimum vəzifəsi bu yarışı və Premyer Liqanı qazanmaqdır: “10 komanda arasında və belə zəif çempionatda 6-cı yerin müzakirəsi doğru olmaz. Bu, absurd bir müzakirə olar. Kubokun finalına “Zirə”, “Sumqayıt” çıxsaydı, uğur idi. Amma “Neftçi” üçün nəinki finala çıxmaq, kuboku götürmək sıradan bir iş olmalıdır”.

 

“Xəzər-Lənkəran”la “Rəvan”, həmçinin I dəstənin klubları lisenziya ala bilmədiyindən Premyer Liqa yeni mövsümdə 8 komanda ilə qalmaq təhlükəsi ilə üz-üzədir. “Bakı”nın ardınca iddialılardan olan “Xəzər Lənkəran” da çempionatla vidalaşır. Bunun Azərbaycan futboluna nə dərəcədə təsir edəcəyindən danışan sabiq FİFA referisi bildirib ki, acınacaqlı bir durum hökm sürür: “90-cı illərin əvvəllərində, ölkədə müharibə getdiyi bir dövrdə güclülər dəstəsində 26, 2004/2005 mövsümündə 18 komanda çıxış edirdi və onlardan da 10-u bölgə təmsilçisi idi. Amma bu gün baxırıq, bütün o klublar dağılıb. Deməli, ölkə futbolunda işlər daha üst səviyyədə, daha düzgün qurulmalıdır”.

 

T.Süleymanov zəifləmiş çempionatımızın təmsilçilərindən qarşıdakı avrokubok mövsümündə gözləntilərini də açıqlayıb.  

 

 

0