[b]Dieqo Dalot: Təbrik edən olmadı – MÜSAHİBƏ[/b]
22.05.2016 - 01:57
[b]Dieqo Dalot: Təbrik edən olmadı – MÜSAHİBƏ[/b]

Portuqaliya yığmasının heyətində Avropa çempionu olan və Bakını kubokla tərk edən Dieqo Dalot oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Turnirlə bağlı təəssüratlarınızı bilmək istərdik…

- Çətin bir çempionat alındı. Maraqlı oyunlar keçirdik. Ən əsası, buranı arxasınca gəldiyimiz qənimətlə tərk edirik. Avropa çempionu olmaq karyeramıza başlayan zamankı arzumuz idi. Bunun üçün də sevinirik.

 

- Qitə birinciliyində sizin üçün ən çətin oyun hansı oldu?

- Fikrimcə, İspaniya ilə oyun həm maraqlı, həm də çətin keçdi. Final oyunu ən yaddaqalan oyunumuz oldu.

 

- Bəs oyunların keçirildiyi Bakı şəhəri haqda nə deyə bilərsiniz?

- Maraqlı şəhərdi. Xüsusilə də insanları haqda xoş sözlər söyləmək istərdim. Çox istiqanlı insanları var. Onlarla qarşılaşmaq xoş oldu.

 

- Portuqaliya finalaqədərki oyununu nümayiş etdirə bilmədi. Buna nə mane oldu? İki eyniüslublu komandanın dueli, yoxsa...?

- Rəqibimiz güclü komanda idi. Ona görə oyunumuzu göstərə bilmədik. Onlar buna imkan vermədilər.

 

- Qələbədən sonra Portuqaliyanın ulduz futbolçularından kimlər sizi təbrik etdi?

- Açığı təbrik edən olmadı. Bilirəm ki, hər birinin ürəyi bizimlə birgə döyünür. Onlar da qələbəmizə sevinirlər.

 

- Maraqlıdır ki, turnirdə ilk qolunuzu məhz finalda buraxdınız. Nə baş verdi?

- Əsas odur ki, qol buraxdıqdan sonra toparlana bildik. Uşaqlarla danışdıq ki, ikinci qolu buraxmayaq. Müdafiədə diqqətli oynadıq və buna imkan vermədik. Sonda isə Bakını kubokla tərk etməyə nail olduq.

 

- Buna qədər hansısa ciddi turnirdə iştirak etmişdinizmi?

- Bu ilk ciddi turnirim və uğurumdu. İlklər isə hər zaman yadda qalır.

0