[b]Rəşad Abdullayev: “Zirə”dən ayrılacağımı heç kim gözləmirdi[/b]
23.05.2016 - 12:33
[b]Rəşad Abdullayev: “Zirə”dən ayrılacağımı heç kim gözləmirdi[/b]

“Zirə”dən ayrılmağımın səbəbi son vaxtlar ehtiyatda qalmağım oldu. Komandaya kömək edə bilmirəmsə, orda qalmağın mənası yoxdu”. Bu sözləri apasport.az saytına “Zirə”nin sabiq kapitanı Rəşad Abdullayev deyib.

 

Mövsümü gümüş medalla bitirən debütant yarımmüdafiəçi ilə vidalaşıb. Abdullayev paytaxt klubunda fərqli mövsüm keçirdiyini bildirib: “Mövsümün əvvəlində müntəzəm çıxış edirdim. Amma son vaxtlar nadir hallarda meydana çıxmağım ordan ayrılmağımı şərtləndirdi. Mənim indiyə qədər oynadığım komandaların çoxunda stabil heyət olub, oyunlar zamanı adətən eyni futbolçular meydana çıxardılar. Ancaq “Zirə”də hər matçda müxtəlif futbolçular iştirak edirdi, yəni konkret heyət yox idi”.

 

35 yaşlı yarımmüdafiəçi “Zirə”də heç bir problem yaşamadığını və komandanı incik tərk etmədiyini söyləyib: “Komandanın məşqçiləri ilə demək olar ki, eyni yaşdayam. Onlarla birlikdə futbol da oynamışam. Aramızda hansısa inciklik ola bilməz. Bilirsiz, hər futbolçunun öz prinsipi olur. Elələri var ki, ancaq pul xatirinə komanda dəyişirlər, pulu üstün tuturlar. Ancaq mən karyeramı hər zaman uğurlu keçirmək istəmişəm. İndiyə qədər formasını geyindiyim klubların çoxunda uğur qazanmışam. İstəmirəm ki, nüfuzuma zərbə olsun. Çünki “Zirə”də artıq oynamırdım, komandaya köməyim dəymirdi. Mən isə buna öyrəşməmişəm. Orda ehtiyatda oturmaqdansa, mənim yerimdə gənc futbolçunun olması daha faydalı olar. Əsas odu ki, yeni yaranmış kollektivin formalaşmasında az da olsa, xidmətim olub”.

 

Veteran futbolçu karyerasını hələ bitirmək istəmədiyini də vurğulayıb: “Hələ cəmi iki gündü ki, “Zirə”dən ayrılmışam. Heç kim bunu gözləmirdi. Hansısa komandadan təklif almamışam. Amma xeyir verə biləcəyim bir kluba keçmək istərdim. Əgər belə bir təklif olmasa, məcbur karyeramı bitirib, başqa işlə məşğul olacam. Ancaq özümdə hələ oynamaq gücü hiss edirəm. Mən gənc olanda bəzi veteran oyunçuların “çatdırmadıqlarını”, israrla oynamaq istədiklərini görürdüm. Nə zaman görsəm ki, “çatdırmıram”, diqqətdən kənarda qalmağı gözləməyəcəm, özüm gedəcəm. Ancaq hələ gücüm var”.

 

Qeyd edək ki, Rəşad Abdullayev əvvəllər “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi”, “Bakı”, “Rəvan”, “Qəbələ” və AZAL klublarının formasını geyinib.

0