[b]AÇ-2016: Perspektivli, qeyri-sabit və kapitansız yığma[/b]
23.05.2016 - 18:30
[b]AÇ-2016: Perspektivli, qeyri-sabit və kapitansız yığma[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 18 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını E qrupunda yer alan Belçika yığması ilə davam etdirir. Püşkatmada 1-ci səbətdə yer alan “qırmızı şeytanlar” İtaliya kimi əbədi nəhənglərdən biri ilə eyni qrupa düşüb. Onları 1-ci səbətdən sıxışdıran Mark Vilmotsun yetirmələri bunun təsadüf olmadığını Fransada göstərməyə çalışacaq. Artıq neçə ildi ən perspektivli yığma sayılan, lakin FİFA reytinqindəki mövqeyindən başqa ciddi uğur qazanmayan belçikalılar Fransaya özündən söz etdirməyə yollanıb.

 

Əslində, Belçikanı AÇ-2016-nın gizli favoriti də saymaq olar. Lakin aşkar favorit olmaq üçün onlara komandanı arxasınca aparan əsl lider çatmır. Düzdü, hər mövqedə kifayət qədər istedadlı oyunçu var, lakin əksəri gənc olan bu futbolçular qeyri-sabitliyi, müəyyən qədər özündən razılığı, həddən artıq yersiz iddiaları ilə də seçilirlər.

 

Vilmotsun komandası seçmə mərhələni asanlıqla keçib. Yalnız Uelsin rəqabəti ilə üzləşən belçikalılar cəmi 3 matçda xal itirib. Bunlardan da ikisi elə britaniyalılarla duellər olub. Mərhələnin gedişində FİFA reytinqinin 1-ci pilləsinə də yüksələn yığma kadr zənginliyi ilə öyünə biləcək azsaylı komandalardandı. Başqa yığmaların lideri ola biləcək ulduzlar Belçikada ya ehtiyatda qalır, ya da heç heyətə düşmür. Millinin kapitanı Vensan Kompani də AÇ-2016-dan kənarda qalanlardandı. İndi belçikalılar sarğını kimə həvalə etməyi düşünür. Hərçənd, vitse-kapitan Eden Azar və 3-cü kapitan Yan Vertongenin onu əvəzləməsi də gözləniləndi. Bu rəqabəti qapıçılar barədə də demək olar. Simon Minyole kimi əlcək sahibi yalnız Tibo Kurtuanın yoxluğunda şans qazana bilər.

 

Mərkəz müdafiəçilərinin çoxluğundan əziyyət çəkən Vilmots cinahları da onlara etibar edir. O, universallığı ilə seçilən Tobi Alderveyreld və Yan Vertongeni cinahda, yalnız mərkəzdə oynayan Nikolas Lombertslə Kompanini isə öz mövqeyində oynadırdı. Amma sonuncunun yoxluğu müəyyən dəyişiklərə səbəb olub, digər müdafiəçilərin yolunu açacaq. Cordan Lukaku və Tomas Menye cinah müdafiəçiləri olsa da, o qədər də inamlı təsir bağışlamır.

 

Vilmotsu dayaq yarımmüdafiəçisi mövqeyi də düşünməyə vadar edir. Aksel Vitsel, Maruan Fellaini, Musa Dembele və Raca Naynqolan arasında çətin seçim etməli olan mütəxəssis Stiven Defuru ehtiyat heyətə daxil edib.

 

Seçmə mərhələdə dayaq yarımmüdafiəçiləri kimi daha çox Vitsellə Naynqolan oynayıb. Baş məşqçi Fellainini daha çox dayaq yarımmüdafiəçisi deyil, pleymeyker kimi istifadə edir. Eden Azar, Kevin de Brüin və Naser Çadli kimi oyun qurucuları ilə müqayisədə Fellaini həqiqətən də daha böyük həcmdə iş görməsi ilə seçilə bilir. Çadli isə yalnız ehtiyat heyətə daxil edilib.

 

Fellaini mərkəzdə oynamaqla bütün bu futbolçuların, həm də Driss Mertenslə Loran Depuatrenin də yolunu bağlayır. Mərkəzdə de Bruin oynasa, sağda Mertensi, Azara üstünlük verilsə Şadlini istənilən cinahda görmək mümkündü. Hücum xəttində də bolluq olan belçikalılar daha çox Kristian Bentekeylə Divok Oriqiyə şans verir. Lakin daha yaxşı formada olan Romelu Lukakunun onları hücum xəttindən sıxışdıra bilməsi də istisna deyil.

 

Belçika yığması nə qədər perspektivlidisə, bir o qədər də qeyri-sabitdi. Bu üzdən də onların İtaliya, İsveç və İrlandiya ilə mübarizə apardığı qrupda “ilişməsi” də, finala qədər irəliləməsi də gözləniləndi. Son iki yoxlama oyunundakı nəticələr də buna sübutdu. İtaliya kimi rəqibi 2015-ci ilin son matçında 3:1 hesabı ilə məğlub edən belçikalılar bu il Portuqaliyaya məğlub olub – 1:2.

 

FİFA reytinqində: 2-ci yer

Ləqəbi: Qırmızı şeytanlar

İlk oyun: Fransa - 3:3 (1904)

Ən böyükhesablı qələbə: Zambiya – 9:0 (1994), San-Marino – 10:1 (2001)

Ən böyükhesablı məğlubiyyət: İngiltərə - 1:9 (1927), Hollandiya – 0:8 (1936), Hollandiya – 1:9 (1959)

Titulları: yoxdu

Ən çox oyun: Yan Kulemans (96)

Ən çox qol: Pol van Himst, Bernar Vorhof, Mark Vilmots (30)

Final mərhələsinə yolu: B qrupunun qalibi: 7 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi 24-5, 23 xal

Uels – 0:0*, 0:1

Bosniya və Herseqovina - 3:1, 1:1

İsrail – 3:1, 1:0

Kipr – 5:0, 1:0

Andorra – 6:0, 4:1

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – İştirak etməyib

1964 – Final mərhələsinə yüksələ bilməyib

1968 – Final mərhələsinə yüksələ bilməyib

1972 – III yer

1976 – Final mərhələsinə yüksələ bilməyib

1980 – II yer

1984 – Qrup mərhələsi

1988 – Final mərhələsinə yüksələ bilməyib

1992 – Final mərhələsinə yüksələ bilməyib

1996 – Final mərhələsinə yüksələ bilməyib

2000 – Qrup mərhələsi

2004 – Final mərhələsinə yüksələ bilməyib

2008 – Final mərhələsinə yüksələ bilməyib

2012 – Final mərhələsinə yüksələ bilməyib

Baş məşqçi: Mark Vilmots

Kapitan: Vensan Kompani

AVRO-2016-da oyunları:

13 iyun. 23:00. Belçika – İtaliya

18 iyun. 17:00. Belçika - İrlandiya

22 iyun. 23:00. İsveç – Belçika

 

 

0