[b]“Onların gələcək nəticələrinə daha çox ümid edirik” - Reza Mehmandost[/b]
24.05.2016 - 09:07
[b]“Onların gələcək nəticələrinə daha çox ümid edirik” - Reza Mehmandost[/b]

İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan taekvondo yığması Bakıya qayıdıb. APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında millinin üzvləri idman həvəskarları və Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri qarşılayıblar. 

 

Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında Serbiya ilə 6-cı yeri bölüşüb. Millimiz yarışı bir dəst medalla başa vurub. Komandada Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qubadi Uqaz (87 kq) bürünc medal qazanıb.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib ki, millimiz Avropa çempionatına daha çox medal qazanmaq ümidi ilə gedib: “Təəssüf ki, gənc idmançılarımızın bəziləri öz səhvləri, bəziləri isə idman şanssızlığı üzündən məğlub oldular. Əsas hədəfimiz Olimpiya oyunlarıdır. Biz 4 idmançı ilə hazırlaşacağıq. İnanıram ki, Avropa çempionatında məğlub olan lisenziyalı idmançılarımız qalan müddət ərzində öz üzərilərində işləyəcəklər”.

 

Əlavə edək ki,  2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev və Fəridə Əzizova Avropa birinciliyində medal qazana bilməyiblər. 

 

Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost jurnalistlərə açıqlamasında bildirib ki, Avropa çempionatı çətin yarış olub: “Ümumilikdə, göstərdiyimiz nəticə yaxşı oldu. Məğlub olan gənc idmançılarımızın gələcək nəticələrinə daha çox ümid edirik. Bu, onlar üçün bir sınaq idi. Olimpiadada gənc taekvondoçuları bir daha sınayacağıq”. 

0