[b]“Ən böyük arzum kuboku başım üzərinə qaldırmaqdı” – Vəli Qasımov[/b]
24.05.2016 - 09:59
[b]“Ən böyük arzum kuboku başım üzərinə qaldırmaqdı” – Vəli Qasımov[/b]

“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun apasport.az saytına müsahibəsi

 

- Öncə “Neftçi” üçün mövsümü dəyərləndirərdiz...

- Məqsədimizə çatdığımızı deyə bilərəm. Düzdü, son turda məğlub olduq, ancaq hədəfimizi gerçəkləşdirdik. Məqsədimiz 4-cü yeri tutaraq, Avrokuboka vəsiqə qazanmaq idi ki, buna da nail olduq. Amma buna doyunca sevinə bilmədik, çünki “Sumqayıt”la axırıncı oyunda komandada arxayınlaşma yarandı. Bunun müxtəlif səbəbləri var idi. İlk hissədən sonra futbolçularımız “Qarabağ”ın AZAL-la görüşdə 3:0 hesabı ilə öndə olduğunu öyrəndilər. Artıq üz cizgilərindən arxayınlaşdıqlarını oxuya bildim. Yalnız qol buraxandan sonra nəsə eləmək istədilər, o da alınmadı. Amma ümumi götürdükdə istəyimizə nail olduq.

 

- “Neftçi” ilk “üçlüy”ə öyrəşmiş komandadı. Bu dəfə mövsümü 6-cı pillədə bitirməyinizin səbəbi nə oldu?

- Mövsümün əvvəlində 4-cü yeri hədəfləmişdik. Bunu həyata keçirə bilərdik. Amma bir neçə səbəblər buna mane oldu. Bir az bəxtimiz gətirmədi, bir az da futbolçuların ustalıq səviyyəsi çatmadı. Onu da nəzərə alaq ki, hazırkı heyət gənclərdən qurulub. Onların səviyyəsindən artığını istəyirik. Bəzi görüşlərdə istədiyimizi onlardan ala bilmirik. Bir tərəfdən bunu normal hesab etmək olar. Bu uşaqların hamısının olmasa da, bəzilərinin uğurlu gələcəyi var.

 

- Bu mövsüm “Neftçi” müxtəlif vaxtlarda 3 baş məşqçinin rəhbərliyi altında çıxış etdi. Bunun çıxışınıza nə kimi təsiri oldu?

- Hər məşqçinin öz fəlsəfəsi var. Məndən əvvəlki baş məşqçilər Samir Əliyev və Əsgər Abdullayev çox yaxşı işlədilər. Həmin vaxtlar mən idman direktoru idim və uşaqların məşqçilərlə heç bir probleminin olmadığını görürdüm. Düzdü, hamı nəticə gözləyirdi. Bəzi matçlarda komanda yaxşı çıxış etsə də, nəticə göstərə bilmədi. Mən gəldikdən sonra sistemi dəyişdim, fərqli taktikada oynamağa başladıq. Məğlub olsaq da, qalib gəlsək də, komandanın oyununu stabilləşdirə bildim. Bu da son turlarda özünü daha yaxşı büruzə verdi.

 

- Flavinyo, Vobay kimi futbolçuların gedişindən sonra “Neftçi”də lider çatışmazlığı hiss olundu. Hazırkı oyunçular bu vəzifəni üzərlərinə götürmək istəmədilər, yoxsa buna hələ hazır deyildilər?

- Doğru qeyd etdiniz ki, komandada lider yoxdu. Kapitanımız, təcrübəli futbolçularımız var, ancaq lider yoxdu. Belə bir oyunçu olsaydı, gənclər onun yanında daha rahat olar və sürətli inkişaf edərdilər. Oyunlarda çalışdıq kimisə lider kimi önə verək, ancaq alınmadı. Komandanın içində heç kim bunu bacarmadı.

 

- Son turlardakı uğurlu çıxış sayəsində 6-cı pilləyə yüksəldiniz. Nə dəyişdi ki, komanda qələbələri sıralamağa başladı?

- İlk növbədə sistemi dəyişdim. Bundan başqa, passivimizdə çox məğlubiyyət var idi və 7-ci pilləyə qədər düşmüşdük. Bu üzdən uşaqlarda özünəinam itmişdi. Komandamız ilk qolu buraxanda futbolçular çox çətin duruma düşürdülər. Həm sistemi dəyişdik, həm də oyunçulara psixoloji cəhətdən inam aşılamağa çalışdıq. Bundan sonra stabil oynamağa başladıq. Artıq ilk qolu buraxandan sonra uşaqlar “sınmırdılar”, bərabərlik qolunu da vururdular. Getdikcə hamı rahat oynamağa başladı.

 

- Turnir cədvəlinin 7-ci pilləsində qərarlaşdığınız zaman sizdə avrokuboklardan kənarda qalmaq qorxusu yox idi?

- Narahatlığımız çox idi. Ancaq iki cəbhədən də Avrokubok şansımız davam edirdi. Təbii ki, çempionatdan bunu qazanmağa daha yaxın idik. Uşaqlarla hər dəfə söhbət edəndə deyirdim ki, siz avrokuboklarda oynamağa layiqsiz. Düzdü, bir az təcrübə çatışmazlığı olsa da, bizdə səviyyəli oyunçular var. Ancaq digər komandalarla müqayisədə bizim uşaqlar daha perspektivlidilər.

 

- Sizin üçün dönüş nöqtəsi hansı oyun oldu?

- Konkret hansısa matçı qeyd edə bilmərəm. Bizim ən çətin oyunlarımız “Qəbələ” ilə ardıcıl 3 görüş oldu. Əsas o görüşlərdə məğlub olmamaq idi. Buna nail olduq və uşaqlarda özünəinam daha da artdı. Nəticədə çempionatın son turlarını uşaqlar daha rahat keçirdilər. Mənim üçün əsas məsələ futbolçuların özlərinə güvənmələri və meydanda bütün güclərini ortaya qoymalarıdı.

 

- Bu bir faktdı ki, sizin gəlişinizdən sonra “Neftçi” daha uğurlu çıxış etməyə başladı. Mövsümün əvvəlində bu posta gəlsəydiniz, komanda mövsümü neçənci pillədə başa vurardı?

- Məndən əvvəlki baş məşqçilər Samir Əliyev və  Əsgər Abdullayevin burda zəhməti oldu. Onlar komandaya çox şey qazandırdılar. Amma bəzi səbəblərə görə davam etmədilər. Bilmək olmazdı ki, ilk turlardan baş məşqçi mən olsaydım, necə olacaqdı. Düzdü, həmişə böyük nəticələr qazanmağı arzulamışam. Futbolçu dövrümdə arzum ən güclü kluba qədər irəliləmək idi. Gedəcəyim yerə qədər irəlilədim. İndi də məşqçi kimi Avropada böyük nəticələr göstərmək istəyirəm. Ancaq reallıqla da barışmaq lazımdı. “Neftçi”nin səviyyəsi indi Avropada böyük uğur qazanmağa yetməyə bilər. Perspektivli uşaqlar çoxdu, onların daha yaxşı inkişaf etmələri üçün çalışmalıyıq.

 

- Bu heyətlə Avrokubokda nəsə etmək mümkündümü?

- Əgər Avropada uğurlu çıxış etmək istəyiriksə, mütləq transferlər lazım olacaq.

 

- Sabah Azərbaycan Kubokunun final matçında “Qarabağ”la qarşılaşacaqsınız. Şanslarınızı necə dəyərləndirirsiz?

- Həmişə demişəm ki, “Qarabağ” hazırda Azərbaycanın ən yaxşı komandasıdı. Heyətləri neçə ildi komplektləşib. İndividual cəhətdən çox güclü oyunçuları var. Avropada oynayan, daha böyük təcrübəsi olan futbolçulardı. Bizdə də bacarıqlı uşaqlar var. Düzdü, bəziləri ilk dəfə final həyəcanı yaşayacaqlar. Hər şeyə rəğmən qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hazırda ən böyük arzum kuboku başım üzərinə qaldırmaqdı.

 

- Sizin də qeyd etdiyiniz kimi, “Qarabağ” hazırda çox güclüdü. Onları məğlub etmək üçün də taktiki gedişlərə əl atmalı olacaqsınız. Rəqibə sürpriz hazırlamısızmı?

- Təbii ki. Hamısını fikirləşmişik. “Qarabağ”ın oyununu təhlil etmişik. Çalışacağıq taktiki işi meydanda göstərək.

 

- Razısız ki, kubokun finalı sizin üçün mövsümü xilas etmək baxımından bir şansdı?

- Kuboku qazanmaq üçün ilk növbədə uşaqlar bacardıqlarından da artığını ortaya qoymalıdılar. Bu final onların gələcəyinə ciddi şəkildə təsir edə bilər. Kuboku qazanmağımız gənc oyunçularımızın daha sürətli inkişafına təkan ola bilər. Bu baxımdan final görüşü “Neftçi” üçün çox vacibdi.

 

- “Neftçi”nin adı tez-tez əcnəbi mütəxəssislərlə birgə hallanır. Bu amil sizə mənfi təsir etmir?

- Əlbəttə təsir edir. Maqnit kimi çəkir. Məndə bir xasiyyət var ki, işə baş qoşanda başqa heç nəyə fikir vermirəm. Çalışıram ki, hardansa mənə informasiya gəlib çıxmasın. Hər hansı bir amil mənə müsbət cəhətdən təsir edəndə, bunu uşaqlara da göstərməyə çalışıram. Amma mənfi amili göstərməsəm də, onlar bunu qəbul edirlər. Ona görə də çalışıram müsbət enerjili olum.

 

- Baş məşqçi postunda qalıb-qalmayacağınız bəllidimi? Bununla bağlı Müşahidə Şurası ilə görüşünüz olubmu?

- Hələ bu barədə söhbət olmayıb. Məni mövsümün sonuna kimi komandaya kömək etmək üçün bu posta təyin ediblər. Yəqin ki, ölkə kubokunun final matçından sonra Müşahidə Şurası yığışıb, bununla bağlı qərarını verəcək.

 

Ruslan SADIQOV

0