[b]Qisas, yoxsa dubl?[/b]
24.05.2016 - 10:27
[b]Qisas, yoxsa dubl?[/b]

Sabah Azərbaycan kubokunun final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma ilə ölkəmizdə 2015/16 mövsümünə yekun vurulacaq.

 

Topaz Premyer Liqasını ardıcıl 3-cü dəfə qızıl medalla başa vuran “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq. Ağdam təmsilçisi ötən il olduğu kimi, “Qızıl dubl” müəllifi kimi ilkə imza atmağa iddialıdı.

 

Belə ki, Azərbaycan futbolu tarixində heç bir komanda ardıcıl 2 dəfə dubl müəllifi olmayıb. Finaldakı qələbə əyalət klubunun tarixində 3-cü dubl olacaq ki, bununla da “Qarabağ” “Neftçi”yə çatacaq.

 

Bakı klubu ardıcıl 5-ci dəfə yüksəldiyi finalı mükafatla tərk etmək istəyindədi. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən “ağ-qaralar” azarkeşləri qarşısında bəraət qazanmaq üçün onları 7-ci ölkə kuboku ilə sevindirməlidi.

 

Paytaxt təmsilçisi bunu bacarsa, Vəli Qasımov məşqçi karyerasında ilk tituluna sahib olacaq. Qurban Qurbanov isə komandasını 3-cü kubokuna daşımağa yaxındı.

 

Konsert proqramı ilə başlayacaq final oyunu Qasımovla Qurbanovun 2-ci dueli olacaq. Topaz Premyer Liqasının XXX turunun görüşündə ağdamlılar səfərdə 2:1 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, 2016-cı ildəki hər iki matçda əyalət klubu 2 qolla qələbə qazanıb – 2:0, 2:1.

 

Ardıcıl 2-ci dəfə finalda yolları kəsişən komandalar 357 gün öncə Qəbələ şəhər stadionunda qarşılaşmışdı. Həmin vaxt 3:1 hesablı qələbə qazanan “Qarabağ” tarixində 4-cü dəfə ölkə kubokuna yiyələnmişdi. 2015-ci il iyunun 3-də keçirilən qarşılaşmada ağdamlıların heyətində Reynaldo 2, Muarem Muarem 1 qol vurmuşdusa, “Neftçi”nin heyətində Ernest Nfor fərqlənmişdi.

 

Bu, iki klub arasında 3-cü final oyunudu. İlk belə qarşılaşma 1995/96 mövsümünə təsadüf edib. 20 il əvvəlki görüşdə “Neftçi” 3 cavabsız qolla qalib gəlib “Qızıl dubl”u rəsmiləşdirmişdi.

 

Sabahkı görüş cari mövsüm kubok turnirinin ən yaxşı bombardirinin də adına aydınlıq gətirməlidi. 5 qolla hamıdan öndə olan Ruslan Qurbanov üstünlüyünü daha da artırmağa çalışacaq. Ona çatmaq üçün ən real namizəd Samuel Armenterosla Migel Madera “Neftçi”nin qapısına 2 qol vurmalıdı.

 

Azərbaycan kuboku

Final

25 may

20:00. “Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika stadionu

0