[b]Rəşad Qasımov: Özlərini gündəmə gətirmək üçün...[/b]
24.05.2016 - 12:21
[b]Rəşad Qasımov: Özlərini gündəmə gətirmək üçün...[/b]

“Mövsüm başa çatan kimi, transfer çalışmalarına start verdik. Danışıq apardığımız, anlaşmağa çalışdığımız futbolçular var”. Bunu apasport.az saytına “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

Yay fasiləsi yaranar-yaranmaz heyətini gücləndirməyə başlayan “İnter” artıq 6 futbolçu - Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov və Tərlan Quliyevlə ilkin razılıq əldə edib. Bununla yanaşı, komandada yer alan Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev və Elnur Abdullayev də yeni müqavilə imzalayacaqlar.

 

Qasımov transfer məsələsində fəal olmağa çalışdıqlarını bildirib: “Səlahəti hələ qış fasiləsində qaytarmaq istəyirdik. Çünki “İnter”in yetirməsidi. Hazırda da onunla danışıq aparırıq. Komandaya qayıtması üçün əlimizdən gələni edirik. Təbii ki, danışıq apardığımız başqa oyunçular da var. Onlar barədə isə yaxın günlərdə rəsmi məlumat verəcəyik”.

 

Gələnlərlə yanaşı, “İnter”i tərk edənlər də olacaq. Artıq bir neçə futbolçunun komandadan ayrıldığı da yayılan informasiya arasındadı. Lakin “bankirlər”in rəhbəri buna hamı toplaşdıqdan sonra baxılacağını söyləyib: “Futbolçular indi istirahətə buraxılıblar. Bəziləri yığmada, əcnəbilər isə öz ölkələrindədilər. Hər kəs qayıtdıqdan sonra yeni müqavilə məsələsini müzakirə edib, bir qərara gələcəyik. Hələlik heç kimlə yollarımızı ayırmamışıq. Kimlərsə özlərini gündəmə gətirmək üçün də mətbuata dezinformasiyalar sızdıra bilərlər. Ancaq heç də göründüyü kimi deyil. Bu məsələ ilə bağlı ilk növbədə baş məşqçimiz Zaur Svanadze ilə görüşəcəyik. Onun da klubla hələ birillik müqaviləsi var. 99 faiz gələn mövsüm də “İnter”i Svanadze çalışdıracaq. O, hansı oyunçuların qalmasını istəsə, onlarla yeni müqavilə imzalamağa çalışacağıq”.

 

Topaz Premyer Liqasını 4-cü pillədə başa vuraraq avrokuboklara vəsiqə qazanan paytaxt klubu hazırda İdman Arbitraj Məhkəməsinin (CAS) qərarını gözləyir. Qasımov bu ayın sonunda məsələyə aydınlıq gələcəyini deyib: “UEFA sanksiya qərarının saxlanılmasını istəyir. Biz isə bunun ləğvinə ümid edirik. Bizim avrokuboklara vəsiqə qazandığımız hələ rəsmiləşmədiyindən, CAS məsələyə baxmayıb. Sabah Azərbaycan Kubokunun final görüşü olacaq. Eyni zamanda “Zirə”nin də durumuna tam aydınlıq gəlməyib. Mayın 26-da kimlərin Avrokuboka yollanacağı rəsmən bilinəcək. Əgər biz Avropa Liqasına vəsiqə əldə etsək, o zaman bu ayın sonunda CAS məsələyə baxıb, bir qərar qəbul edəcək”.

 

Ruslan SADIQOV

0