[b]“Neftçi” o komanda deyil” - Qurban Qurbanov[/b]
24.05.2016 - 16:22
[b]“Neftçi” o komanda deyil” - Qurban Qurbanov[/b]

“Kubokun finalında oynamaq hər bir futbolçunun arzusudu. Qalib olmağı hər kəs istəyər”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasının qalibi olan Ağdam təmsilçisi Azərbaycan Kubokunun final matçında sabah “Neftçi” ilə üz-üzə gələcək. Qurbanov bu gün oyunöncəsi təşkil edilən mətbuat konfransında rəqibin ünvanına tərif yağdırıb: “Mövsümün bizim üçün uğurlu keçdiyini deyə bilərik. Buna baxmayaraq, hər kəs final matçının məsuliyyətini dərk etməlidi. Sabah istəkli komandaya qarşı oynayacağıq. “Neftçi” son vaxtlar yaxşı çıxış edir. Bu, ən ağır oyun olacaq. Ən azı bilirəm ki, sabahkı oyun hamı üçün çox maraqlı olacaq. Hər iki komanda kuboku götürmək istəyir. Ancaq bu, bir komandaya nəsib olur. Qismətimizdə olsa, qazanacağıq. Sabah müdafiəçilərimiz üçün də ağır oyun ola bilər. Rəqibin heyətində Araz, Elşən, Rəhman, Anyete, Ruslan kimi sürətli, topla davranmağı bacaran oyunçular var. Bu üzdən müdafiədəki çıxışımız çox vacibdi. Belə rəqibə qarşı oynamaq bizim üçün xoşdu. Hər iki komandanın azarkeşi çoxdu. Sabah əsl futbol ab-havası olacaq”.

 

- Final matçına çempion kimi çıxmaq rahatdı, yoxsa mövsümü 6-cı pillədə başa vuraraq?

- Məncə, elə bir fərqi yoxdu. Mən özüm də aşağı pillələrdə olmaqla bərabər finalda iştirak etmişəm. Bunlar fərqli turnirlərdi. Biri uzun marafon, digəri kiçik turnir. Kubokda həddən artıq ehtiyatlı oynamalı, psixoloji cəhətdən hazır olmalıyıq. Əgər rəqib finala çıxıbsa, onlara hörmətlə yanaşmalıyıq.

 

- Çempionatın hansı matçını sırf bu görüşə hazırlıq xarakterli saymaq olar?

- Bir ay əvvəl komandanın hazırlıq prosesi başqa cür idi, psixoloji hazırlığı başqa. “Neftçi” də o komanda deyil. Oynadıqca futbolçuların təcrübəsi artır. Onlar bu mərhələni artıq keçiblər. Kubokda rəqib bizdən daha təcrübəlidi. Həm də onlar bizdən daha çox iş görüb finala çıxıblar. “Qəbələ” ilə yarımfinal matçlarını yada salmaq kifayətdi. Onlar psixoloji cəhətdən daha hazırlıqlıdılar. Mənim üçün əsas öz komandamın hazırlığıdı.

 

- Rəqibin sabah müdafiədən oynaması sizin rahat olar, yoxsa hücumdan?

- Hər ikisi bizim üçün çətin olar. İstənilən halda ağır olacaq. Buna da hazırlaşırıq. Hər bir komandaya qalib gəlmək üçün onu öz qapından uzaqlaşdırmalısan. Ancaq hücumda oynamaqla yanaşı, rəqibin əks-hücumuna da gərək imkan verməyəsən.

 

- "Neftçi" son oyunlarda 5 müdafiəçi ilə çıxış edir...

- Futbolda oyun zamanı sistem daim dəyişir. Onların bu sistemi komandanın nəticələrini yaxşılaşdırır. Hər şeyə matçdan əvvəl aydınlıq gələcək. Bəzən hansısa komanda 4 hücumçu ilə meydana çıxa bilər, amma görürsən ki, müdafiə futbolu oynayır. Bizim sistem “Neftçi”yə tanışdı. Tanış sistemə qarşı oynamaq futbolçular üçün rahat olur. Oyunçularımızın meydanda vaxtında düşünmələri çox vacibdi.

 

- “Neftçi”nin baş məşqçisi Vəli Qasımov "kuboku qazanaraq, azarkeşlərimizə təşəkkür edəcəyik" demişdi. Bu, oyunçularınıza psixoloji cəhətdən təsir etdimi?

- Biz rəqibə, onun fikrinə hörmətlə yanaşmışıq. Bizim futbolçuları həvəsləndirmək, motivasiya etmək üçün hansısa fikrə ehtiyac yoxdu. Gənc vaxtlarımızda ola bilsin bu metoddan çox istifadə etmişik. Amma belə düşüncələr oyunumuza mane olur, futbolçu aqressivləşir. Bu da onun oyununa mənfi təsir edir. İstəyimiz düşündüklərimizi meydanda göstərməkdi.

 

- Sizcə, sabahkı oyuna nə qədər azarkeş toplaşar?

- Sabah bunu PFL açıqlayacaq. Hər iki komandanın kifayət qədər azarkeşi var. Mənə elə gəlir ki, “Neftçi” azarkeşləri içində “Qarabağ”sevərlər də çoxdu, “Qarabağ” azarkeşləri içində “Neftçi”sevərlər də. Azarkeşlərimiz avrokuboklarda bunu göstərirlər. Sabah kimin nə qədər azarkeşinin olması şərt deyil. Əsas çox tamaşaçı gəlməsidi. İstərdik tribunalar tam dolsun, amma buna inanmıram.

 

- Əlavə vaxtlar və penaltilər seriyası barədə düşünürsüzmü?

- Favorit göstərilməyimiz bizə mane ola bilər. “Neftçi” ilə bir neçə matçda bunun şahidi olmuşuq. Bu komandaya qarşı xal itirmək ehtimalımız çox olub və itirmişik də. Məncə, heç bir komanda oyunun əlavə vaxta getməsini istəmir. Bizim də istəyimiz 90 dəqiqəni layiqli başa vurmaqdı.

 

- Adətən, mövsümün son oyununa komandanı kökləmək çətin olur. Siz oyunçularla xüsusi söhbət etmisizmi?

- Hələ ki, futbolçularda bunu hiss etmirəm. Bəlkə sabah oyundan öncə hiss etdim. Düşünürəm ki, futbolçularımız peşəkarlaşıblar. Onlar hər şeyi dərk edirlər. Amma ehtiyac olarsa, təbii ki, söhbət edərik.

 

- “Neftçi”də Erik Ramos təxribata meyilli, Anyete isə simulyant oyunçudu. Bu sizi düşündürmür?

- Bu məni narahat etmir. Futbolçular hər şeyi gözəl bilirlər, bu barədə danışılıb. Bu haqda fikir bildirsək, hakimlərin işinə qarışmış olarıq. Bunlar futbolun bicliklərinin bir hissəsidi. Bunları görmüşük. O bunu bacarırsa, deməli, günah bizimkilərdədi ki, hazırlıqlı olmayıblar.

0