[b]Ali Yavaş: Əsas komandanın məşqçisi onlara şans vermirsə... - MÜSAHİBƏ[/b]
24.05.2016 - 18:42
[b]Ali Yavaş: Əsas komandanın məşqçisi onlara şans vermirsə... - MÜSAHİBƏ[/b]

“Qəbələ” Futbol Akademiyasının sabiq direktoru, hazırda işsiz olan türkiyəli mütəxəssis Ali Yavaş bu gün keçirilən U-11 Liqasının oyununu izləyənlər arasında olub. Fasilə zamanı mütəxəssis apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Ölkəmizə səfəriniz nə ilə bağlıdı?

- Buraları gəzməyə gəldim. Gəlmişkən, “Qəbələ”nin futbol akademiyasındakı dostlarımla da görüşmək istədim. Yəni səfərim sırf ziyarət məqsədi daşıyır.

 

- Yəni bu gəlişinizin klubla heç bir bağlılığı yoxdu?

- Xeyr, öz təşəbbüsümdü. Burda olduğum müddətdə hələ akademiyada çalışan Halim Fıçıcı ilə söhbətimiz oldu. Ondan futbol akademiyası ilə bağlı sevindirici xəbərlər aldım. Təbii ki, çox şad oldum. Çünki bu akademiyanın bünövrəsini biz qoyduq.

 

- Necə düşünürsüz, işlər inkişaf etdirilib, yoxsa yerində sayır?

- Əlbəttə, akademiya yaradılan zaman biz onu müəyyən səviyyəyə çatdırdıq. Sevindirici tərəfi odu ki, 4 il yarım çalışdığımız və daha sonra ayrıldığımız yerdə işlər daha da inkişaf etdirilib.

 

- Uşaq komandalarının nəticələri qənaətbəxşdi?

- Uşaq futbolunda nəticə də vacibdi, amma birinci pillədə dayanmır. Bu sahədə çalışan məşqçilərin işi uşaqlara futbol oynamağı öyrətməkdi. Təbii ki, öyrətdiyin uşaqlar digərlərindən güclüdüsə, nəticələr də yaxşı olacaq. Bunlar bir-biri ilə bağlıdı. Əsas odu ki, təşkilatı işlər yüksək səviyyədədi.

 

- Sizdən sonra akademiyanın başına Stenli Brard gətirildi. Onun gördüyü işləri necə qiymətləndirirsiniz?

- Hollandiyalı mütəxəssis kifayət qədər təcrübəlidi. Onun da mütləq faydası dəyib.

 

- Amma akademiyanın yetirmələrindən əsas komandaya cəlb edilənlərin sayı çox azdı. Bu, nəyin göstəricisidi?

- Bunu “Qəbələ”nin əsas komandasının baş məşqçisindən soruşmaq lazımdı. Akademiya normal fəaliyyət göstərir, futbolçular yetişdirir. Əsas komandanın məşqçisi onlara şans vermirsə, biz buna nə edək?

 

- Roman Qriqorçuk gənclərə niyə güvənmir?

- Mən onun əvəzinə cavab verə bilmərəm. Baş məşqçi ürəkli və qətiyyətli olmalıdı. Yenə deyirəm, akademiyada perspektivli gənclər var. Baş məşqçini tanımıram, ona görə də onun haqqında danışmaq istəmirəm. Liqaların oyunlarını izləyin, istedadlı uşaqları görəcəksiniz.

 

- U-11 liqasının final oyununu izlədiniz. Digər klublarda necə, istedadlı uşaqlar varmı?

- İzlədiyim qədərilə hər iki komandada istedadlı, qalibiliyyətli futbolçular var. Onlar üzərində bir əmək də var. Gələcəkdə bəhrəsini verəcəklər.

 

0