[b]“Zirzəmi”dəki “cırtdan” və ya Avstriyada ilk sınaq[/b]
25.05.2016 - 09:43
[b]“Zirzəmi”dəki “cırtdan” və ya Avstriyada ilk sınaq[/b]

Azərbaycan millisi sabah növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, üç gündü Avstriyanın Bad Erlax şəhərində təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində planlaşdırılan 3 qarşılaşmadan birincisinə çıxacaq.

 

Robert Prosineçkinin yetirmələri Andorra millisi ilə üz-üzə gələcək. Bu, komandamızın 2016-cı ildə 2-ci görüşüdü. Martın 26-da Qazaxıstanla qarşılaşan yığmamız yenə neytral meydanda oynayacaq.

 

İlin ilk sınağını Türkiyənin Antalya şəhərində keçirib, 0:1 hesabı ilə uduzan komandamız Avstriyada daha yaxşı nəticəyə iddialıdı. Hər halda, rəqibin gücünü nəzərə alsaq, millimiz mütləq qalib gəlməlidi.

 

Çünki Avropanın “cırtdan”larından olan rəqibimiz FİFA reytinqinin zirzəmisindədi. Planetin 202-ci komandası olan bu yığma uduzmadığı son matçı da yəqin ki, unudub. 2013-cü il avqustun 14-də Moldova ilə heç-heçə (1:1) edən andorralılar ardıcıl 19 dəfə məğlub olub. Bu müddətdə “cırtdan”lar 4 qol vurub.

 

Andorra millisi nə qədər zəif olsa da, yığmamız üçün münasib rəqib sayılmır. Hər halda, indiyədək 4 dəfə bu komandanı sınağa çəkən millimizin 3 dəfə qolsuz heç-heçə etməsi belə deməyə əsas verir. Yığmamız yalnız bir dəfə, səfərdə baş tutan yeganə görüşdə 2:1 hesabı ilə qalib gəlib. Digər 3 görüş isə indiki kimi neytral meydanlarda baş tutub.

 

Andorralılarla son duel 2012-ci il mayın 30-na təsadüf edib. Almaniyanın Frankfurt şəhərindəki qarşılaşmanı Koldo Alvares hələ də xatırlayır. Çünki bu, 2010-cu ildən yığmanın baş məşqçisi olan mütəxəssisin uduzmadığı iki matçdan birincisi olub.

 

“Cırtdanlar” yenə müdafiədə keçilməz sədd qurub, millimizə sürpriz edə bilər. Çünki yığmamız da Avstriyadakı ilk matçda tam heyətlə çıxa bilməyəcək. Azərbaycan kubokunun bu gün keçirilən final matçında üz-üzə gələn “Neftçi” və “Qarabağ” üzvlərinin yoxluğunda komandamızın gücünün xeyli azaldığı şübhə doğurmur. Hər halda, hazırkı komandanın özəyini məhz ağdamlıların oyunçuları təşkil edir. Amma digərlərinin də özünü göstərmək üçün ələ düşən imkandan yararlanmağa çalışacaq.

 

Qeyd edək ki, Azərbaycan – Andorra oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq

 

Yoldaşlıq oyunu

26 may

20:00. Azərbaycan – Andorra

Bad Erlax (Avstriya)

 

 

0