[b]“Azərbaycan öz oyunçularının çıxışından qürur duya bilər”[/b]
25.05.2016 - 11:19
[b]“Azərbaycan öz oyunçularının  çıxışından qürur duya bilər”[/b]

Mayın 5-dən 21-dək Bakıda keçirilmiş UEFA U-17 Avropa çempionatının təşkilati prosesində iştirak etmiş UEFA rəsmiləri yarışdan razı qalıb. Apasport.az saytının məlumatına görə, qurumun təmsilçiləri AFFA-nın rəsmi saytına açıqlamalarında turnirlə bağlı fikirlərini bildiriblər.

 

 

Milli komandalar üzrə turnirlərin rəhbəri Lens Kelli Bakıda gördüyü qonaqpərvərliyi vurğulayıb: “Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, oteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu”.

 

U-21 və yeniyetmələr üzrə turnirlərin baş meneceri Klaudio Neqroni isə Azərbaycan millisinin çıxışını dəyərləndirib: “Turnirin startında gələcək Avropa çempionuna – Portuqaliya yığmasına qarşı çətin oyuna baxmayaraq, Azərbaycan komandası qrupdan çıxmağa yaxın idi. Bu komanda öz oyunçularının  çıxışından qürur duya bilər. Şübhəsiz ki, bu turnir təşkilati təcrübə, idman infrastrukturu və oyunçuların inkişafı baxımından Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək. Bu, Avropada yeniyetmə futbolunun böyük miqyasda təbliği idi və biz səmimi qəlbdən yarışın Yerli Təşkilat Komitəsinin rəhbərliyi altında çalışan hər bir kəsə dərin təşəkkürümüzü bildiririk”.

 

UEFA Avropa çempionatı U-17 Layihəsinin rəhbəri Pyerpaskal Larotonda azarkeş sayındakı rekordu önə çəkib: “Azərbaycan – Portuqaliya açılış oyununu stadionda 33.000 azarkeşin izləməsi yeniyetmələrdən ibarət komandaların Avropa çempionatları tarixinin rekord göstəricisi idi. Hamımız bu nailiyyətlə qürur duymalıyıq. Yarışın uğurlu təşkili AFFA və UEFA komandaları arasındakı müştərək fəaliyyətin nəticəsidir. Unikal komanda işini biz operativ olaraq oyun meydanlarında izləyə bilirdik”.

 

0