[b]“İnter” Rauf Əliyevlə bağlı qərarını verdi[/b]
25.05.2016 - 13:39
[b]“İnter” Rauf Əliyevlə bağlı qərarını verdi[/b]

Yay transfer dönəminin ən fəal komandası olan “İnter” bir tərəfdən də heyətində “təmizləmə işləri”ni davam etdirir. Apasport.az saytının məlumatına görə, artıq 6 oyunçu ilə rəsmən yollar ayrılıb.

 

Bunlar - qapıçılar Elşən Poladov, Kamran Ağayev, müdafiəçilər Laşa Kasradze, Laşa Salukvadze və hücumçular Vüqar Nadirovla Yuri Fomenkodu. Klub rəhbərliyi müqavilə müddəti başa çatan bu oyunçuların gələn mövsüm üçün xidmətində maraqlı olmayıb.

 

Anlaşması başa çatan daha iki oyunçu ilə bağlı da qərar verilib. Söhbət yarımmüdafiəçi Fuad Bayramov və hücumçu Rauf Əliyevdən gedir. Hər iki yerli futbolçu ilə yeni birillik müqavilə razılaşdırılıb. Yaxın günlərdə onlarla münasibətlər rəsmiləşdiriləcək. Bununla, “İnter”də qalmaq qərarına gələn futbolçu sayı 12-yə yüksəlib. Fuadla Raufa qədər Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev, Elnur Abdullayev, Denis Silva, Abbas Hüseynov, Mirsahib Abbasov və İlkin Qırtımov anlaşmanı yeniləmişdilər.

 

“İnter” rəhbərliyi müdafiəçi Zurab Xizanişvili və yarımmüdafiəçi Nika Kvekveskirini də yeni sazişə razı salmağa çalışır. Hər iki gürcüstanlı oyunçu ilə danışıqlar davam etdirilir. Georgi Lomaya və Ruslan Əmircanovun aqibəti isə qeyri-müəyyən olaraq qalır.

 

Transferdə də fəallıq nümayiş etdirən “bankirlər”, xüsusən də, müdafiə xəttini gücləndirməkdə maraqlıdılar. Rəhbərlik bunun üçün sabiq “Xəzər Lənkəran”lı Adrian Skarlatake və “Qəbələ”nin üzvü Ruslan Abışovla danışıqlar aparır.

 

Qeyd edək ki, “İnter” yay fasiləsi dönəmində hələlik Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov və Tərlan Quliyevi transfer edib.

0