[b]AÇ-2016: İbrahimoviç və komandası[/b]
25.05.2016 - 16:53
[b]AÇ-2016: İbrahimoviç və komandası[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 16 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını E qrupu ilə davam etdirir. Favoritlərdən olmasa da, oyunu ilə pərəstişkarlarını sevindirmək iqtidarında olan İsveç yığması Fransaya möcüzə ardınca gedir.

 

Püşkatmada 3-cü səbətdə yer alan Skandinaviya təmsilçisi tarixində 6-cı dəfə qatılacağı AÇ-yə ümidlə yollanacaq. Zlatan İbrahimoviçin arxasınca daşıdığı komanda tarixində 2-ci dəfə qitə çempionatının medalını qazanmaq arzusundadı. Hərçənd 1992-ci ildə evdəki çempionatda “bürünc” əldə edən şimallıların bu möcüzəni reallaşdırmasına inananlar çox azdı.

 

Çünki seçmə mərhələni çətinliklə adlayan yığma Fransada da ağır qrupa düşüb. Bu isə onların şanslarına ciddi təsir edir. Avstriya və Rusiya kimi rəqiblərlə mübarizədə seçmə mərhələni 1-ci yerdə də başa vurması mümkün olan İsveç sonda pley-offa yollanmalı oldu. Əsas rəqibləri üzərində qələbəsi olmayan skandinaviyalılar ilk 4 matçda 4 qələbə qazansa da, uğurlu startın davamını gətirə bilməyib. Zlatanın oynamadığı matçlarda Rusiya və Avstriyaya uduzan şimallılar 3-cü yeri itirmək təhlükəsi ilə üz-üzə qaldı. Pley-offun taleyini isə İbrahimoviç həll etdi. Danimarka ilə ilk matçda qələbə qolunu vuran ulduz ikinci matçda qol və məhsuldar ötürməylə fərqləndi.

 

Hamren seçmə mərhələyə 4-3-3 sxemi ilə başlayıb ki, həmin vaxt cinahlar Sebastyan Larssonla Cimmi Durmaza həvalə edilib. Sonradan 4-4-2, ardınca 4-2-3-1-ə üstünlük verən mütəxəssis Zlatanın arxasında Erkan Zenginə güvənib. Əsas arzusu İbrahimoviçin yaxşı formada AÇ-yə qatılması olan çalışdırıcı qapıda Andreas İsaaksona güvənir. Müdafiənin sağında Pyer Benqtson, solunda Martin Olson yer alır. Əslində Pyer də sol cinah oyunçusudu. Lakin mövqeyini komanda yoldaşına uduzan arxa xətt futbolçusu əks cinahda çıxış etməlidi. Mikael Lustiqin də sağda oynaması istisna deyil. Mərkəzdə isə Andreas Qrankvistlə Mikael Antonsson oynasa da, sonuncu AÇ-yə aparılmayacaq.

 

Yarımmüdafiənin mərkəzində Kim Çelstryom yer alır. Onunla yanaşı Albin Ekdal, Oskar Levitski və Pontus Vernblum çıxış edə bilər. Ekdal sağda zədəli Larssonu da əvəzləyə bilər. Amma bu mövqeyə Durmaz da iddia edir.

 

İbrahimoviçin arxasında Zengindən başqa, Emil Forsberq, Ola Toyvonen, Yohan Elmander və Ayzek Telin də mübarizə aparır. Hücumda komandanın aşkar lideri olan Zlatan yer alır. Əksər oyunlarda onun yanında Markus Berq də çıxış edir.

 

 İsveç millisi seçmə mərhələdən sonra cəmi 2 yoxlama oyunu keçirib. Bu matçlarda qələbəyə həsrət qalan skandinaviyalılar Türkiyəyə 1:2 hesabı ilə uduzub, Çexiya ilə heç-heçə edib – 1:1.

 

 

FİFA reytinqində: 36-cı yer

Ləqəbi: Tre krunur, göy-sarılar

İlk oyun: Norveç - 11:3 (1908)

Ən böyükhesablı qələbə: Latviya – 12:0 (1927), Cənubi Koreya – 12:0 (1948)

Ən böyükhesablı məğlubiyyət: Böyük Britaniya – 1:12 (1908)

Titulları: 1948-ci il olimpiya çempionu

Ən çox oyun: Anders Svesson (148)

Ən çox qol: Zlatan İbrahimoviç (62)

Final mərhələsinə yolu: Pley-offun qalibi

Danimarka – 2:1*, 2:2

G qrupunda III yer: 5 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi 15-9, 18 xal

Avstriya – 1:4, 1:1

Rusiya - 1:1, 0:1

Monteneqro – 3:1, 1:1

Lixtenşteyn – 2:0, 2:0

Moldova – 2:0, 2:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – İştirak etməyib

1964 – Final mərhələsinə yüksələ bilməyib

1968 – Final mərhələsinə yüksələ bilməyib

1972 – Final mərhələsinə yüksələ bilməyib

1976 – Final mərhələsinə yüksələ bilməyib

1980 – Final mərhələsinə yüksələ bilməyib

1984 – Final mərhələsinə yüksələ bilməyib

1988 – Final mərhələsinə yüksələ bilməyib

1992 – III yer

1996 – Final mərhələsinə yüksələ bilməyib

2000 – Qrup mərhələsi

2004 – 1/4 final

2008 – Qrup mərhələsi

2012 – Qrup mərhələsi

Baş məşqçi: Erik Hamren

Kapitan: Zlatan İbrahimoviç

AVRO-2016-da oyunları:

13 iyun. 20:00. İrlandiya – İsveç

17 iyun. 17:00. İtaliya – İsveç

22 iyun. 23:00. İsveç – Belçika

0