[b]“Çempion olanda heç bu qədər sevinməmişdik” – Rəşad Sadıqov[/b]
26.05.2016 - 00:11
[b]“Çempion olanda heç bu qədər sevinməmişdik” – Rəşad Sadıqov[/b]

“Bəlkə də çempion olanda heç bu qədər sevinməmişdik. Çünki çempionluq elədi ki, uzun yol gedirsən. Xal fərqimiz də çox idi, hər an düşünürdük ki, daha yaxınıq qalibiyyətə. Ancaq bu dəfə final idi. 120 dəqiqə oyun getdi, gərgin mübarizə oldu. Çox sevincliyik ki, qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

 

Ölkə kubokunun final matçında “Neftçi” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandıran kapitan qarşılaşma haqqında fikirlərini bölüşüb: “Oyuna gəldikdə isə əsl finala layiq oyun oldu. Rəqib təslim olmaq istəmirdi, biz çoxsaylı hücumlar qururduq. Qol epizodlarımız da çox idi. Aqil də bu gün öz mövqeyində möhtəşəm çıxış etdi. Qırmızı və sarı vərəqələr oldu, yəni hər şeyi ilə əsl derbiyə layiq matç oldu. “Neftçi” ilə “Qarabağ”ın oyunları həmişə gərgin keçir. Bu gün də onlardan biri idi”.

 

- Almayedanın meydandan çıxması hücumlarınızın kəsərinə təsir etdimi?

- O çıxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Elə bir fərq olmadı. Şükür olsun ki, sonda qolu da vura bildik.

 

- “Qarabağ” bir az ehtiyatlı davranırdı, bu, finalın həyəcanı idi, ya “Neftçi”nin son vaxtlar yaxşı oynamasından qaynaqlanırdı?

- “Neftçi” son vaxtlar yaxşı formada idi, Vəli Qasımovun gəlişindən sonra komanda yüksələn xəttlə inkişaf edir. Həm ona görə diqqətli idik, həm də finaldı, bir səhv oyunun taleyini həll edə bilər, özünüz də gördünüz ki, elə oldu. Çalışdıq ki, səhv etməyək.

0