[b]“Vüqarın bizimlə olmamasını qəbul etmək çətindi”[/b]
26.05.2016 - 09:17
[b]“Vüqarın bizimlə olmamasını qəbul etmək çətindi”[/b]

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

 

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qonaqları ölkəmizdə salamlayıb. O, Şəmkirin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib. İcra başçısı iştirakçılara uğurlar arzulayıb.

 

Gənclər və idman naziri Azad Rəhimov mərhum qrossmeyster Vüqar Həşimovun şahmat karyerasından söz açıb. O, şahmatçımızın yığma komandamızdakı xidmətlərindən danışıb və qrossmeysterimizin dünyanın ən güclü şahmatçılarından biri olduğunu qeyd edib.

 

 "ShamkirChess” superturnirində dünyanın ən güclü şahmatçıları iştirak edir. Onlar Vüqar Həşimovun xatirəsinə dərin ehtiramlarını bildirirlər. Bu mötəbər turnirin təşkilində əməyi olan hər kəsə böyük minnətdarlığımı bildirirəm", - deyə nazir əlavə edib.

 

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Vüqar Həşimovun xatirə turnirinin ənənəvi hal aldığını bildirib: "Bu turnir FİDE-nin təqvimində xüsusi yer tutur. Burada ən güclü şahmatçılar mübarizə aparırlar. Azərbaycanda şahmata dövlət səviyyəsində diqqət göstərilir. Ölkə rəhbərliyinə şahmata göstərdiyi qayğıya görə minnətdarlığımı bildirirəm. 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 qalması ilə bağlı geriyə sayıma start verildi. Əminik ki, Bakı Şahmat Olimpiadası dünya şahmat tarixində indiyədək keçirilən ən yaxşı olimpiada olacaq".

 

AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən söz açıb: "Artıq 3-cü ildi ki, Vüqar Həşimovun xatirə turniri uğurla keçirilir. Vüqarın bizimlə olmamasını qəbul etmək çətindi. Bu turnir onun xatirəsini yaşatmaqda önəmli rol oynayır. "SamkirChess" turniri dünya şahmatsevərləri tərəfindən səbirsizliklə gözlənilir. Yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdarlığımı bildirirəm".

 

O, Bakıda keçiriləcək 42 Ümumdünya Şahmat Olimpiadasının da uğurla təşkil ediləcəyindən əminliyini bildirib.

 

Mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov turnirin ənənəvi olaraq təşkil edilməsinə görə minnətdarlığını bildirib. O, xatirə turnirinin açılış mərasimində FİDE prezidenti, gənclər və idman naziri, icra başçının iştirakının bu yarışın əhəmiyyətindən xəbər verdiyini deyib. Həşimov şahmata dövlət səviyyəsində göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti mərhum Vüqar Həşimovun hər zaman Azərbaycan şahmatını qalib kimi görmək istəyini bildirib. Onun sözlərinə görə, “ShamkirChess” turniri Vüqarın xatirəsini yaşatmağa kömək edir. Buna görə də Məmmədov təşkilatçılara təşəkkür edib. 

 

Sonra "ShamkirChess 2014 və 2015" turnirlərindən hazırlanmış videoçarx nümayiş olunub. "Synergy Group" şirkətinin icraçı direktoru Qüdrət Seyfullayev çıxış edib və turnir açıq elan olunub.

 

Daha sonra yarışın püşkatma mərasimi keçirilib. Tədbir bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” superturniri artıq 3-cü dəfədi təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.

 

0