[b]“Məsələni belə qoymayacağıq, arxasınca gedəcəyik” – Tahir Gözəl[/b]
26.05.2016 - 11:30
[b]“Məsələni belə qoymayacağıq, arxasınca gedəcəyik” – Tahir Gözəl[/b]

”Çox üzücü bir hadisə baş verdi. Oyundan sonra futbolçular sevincini bölüşmək üçün formasını azarkeşlərə tərəf atdı. Azarkeşlər də formanı almaq üçün aşağı düşən məqamda polis "panika"ya düşdü”. Apasport.az saytı futbolinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

 

"Qarabağ" rəhbərliyi Azərbaycan kubokunun "Neftçi" ilə final oyunundan sonra polis zorakılığı nəticəsində xəsarət almış azarkeşlərə xəstəxanada baş çəkib.

 

Ağdam klubunun prezidenti Tahir Gözəl baş vermiş hadisədən təəssüfləndiyini deyib: “Polislər elə bildilər ki, azarkeşlər meydançaya çıxmaq istəyirlər. Bundan sonra azarkeşlərə sərt müdaxilə etdilər. Bunun da nəticəsində, bir neçə azarkeşimiz xəsarət aldı. Onların vəziyyətiylə maraqlandıq. Yüngül xəsarət alıblar. Bu hadisə bizi çox üzdü. Belə gözəl bir axşamda bu cür hadisə yaşamaq istəməzdik. "Qarabağ" rəhbərliyi olaraq baş vermiş bu hadisədən narazılığımızı bildirəcəyik. Məsələnin necə baş verməsini araşdıracağıq. Polislə birgə araşdıraraq, hadisənin necə olduğunu dəqiqləşdirəcəyik. Burda əsas məqsəd, gələcəkdə bu cür halların qarşısını almaqdı. Fan-klublar və polis belə vəziyyətlərin baş verməməsi üçün nə etməlidi, onu öyrənməliyik”. 


Tahir Gözəl məsələni araşdıracaqlarını bildirib: “Bizim birinci məqsədimiz məsələni araşdırmaqdı ki, görək bu hadisə necə baş verib. Məsələni araşdırdıqdan sonra bu barədə ətraflı müzakirə edə bilərik ki, bu hadisə necə olub və bunun qarşısını necə ala bilərik. Yaralı azarkeşlə görüşdük. İnciyib. Söhbət etdik. Rəşad (azarkeş) mənə dedi ki, "abi, bu kuboku Ağdama aparacağıq?", mən də dedim ki, "mən sənsiz getmərəm". O da başa düşdü. Bildi ki, məsələni belə qoymayacağıq, arxasınca gedəcəyik. Bu məsələni araşdırmadan qərar vermək olmaz. Polislər də bizimdi. Biz gərək hər iki tərəfdən bunu araşdıraq. Azarkeşlərin o cür hərəkəti polisdə bir ajiotaj yaratdı. Polis də "panika"ya düşdü”.


 

0