[b]AÇ-2016: "Yaşıllar"ın 3-cü cəhdi[/b]
26.05.2016 - 17:31
[b]AÇ-2016: "Yaşıllar"ın 3-cü cəhdi[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 15 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını E qrupu ilə davam etdirir.

 

Püşkatmada 4-cü səbətdə yer alan İrlandiya tarixində 3-cü dəfə qatılacağı AÇ-yə sensasiya arzusu ilə yollanıb. İtaliya və Belçika kimi güclü rəqiblər, həmçinin İsveçlə eyni qrupda yer alan ada təmsilçisi 1/8 finala çıxmaq üçün mübarizə aparacaq.

 

 

Martin O Nilin baş məşqçisi olduğu komanda seçmə mərhələni qrup üçüncüsü kimi başa vurub. Almaniya kimi nəhəngdən 4 xal alan yığma Polşa və Şotlandiya ilə matçlarda zəif çıxış edib. Bu üzdən də “yaşıl ordu” pley-offda oynamalı olub.

 

Ortabablardan sayılan İrlandiya seçmə mərhələyə Gürcüstan və Cəbəllütariq üzərində qələbələr və ardınca almaniyadakı heç-heçə ilə başlayıb. Sonrakı 3 görüşdə cəmi 2 xal qazanan irlandiyalılar şanslarını çətinə salıb. Növbəti 3 görüşdə əvvəl autsayderləri, ardınca dünya çempionunu məğlub edən ada yığması ilk iki yerdən birinə şansını saxlayıb. Polşa ilə həlledici matçdakı məğlubiyyət irlandiyalıları qrup üçüncüsü edib. Pley-offun ilk matçında Bosniya və Herseqovinadan heç-heçə edən O Nilin komandası evdəki qələbəylə Fransaya vəsiqə qazanıb.

 

Baş məşqçi 4-4-2, 4-2-3-1 sxemlərinə güvənir. İrlandiyalıların heyətində üç qapıçı – Şey Given, Darren Rendolf və Devid Ford kimi qapıçıları var. Müdafiənin sağı Şeymus Koulmen, solu isə Robbi Breydi ilə Stiven Uorddan birinə həvalə olunur. Mərkəzdə isə Con O Şi və Mark Uilson cütlüyü çıxış edir. Lazım gələrsə, onlardan birini Riçard Kio da ıvəzləyə bilər.

 

Ceyms Makkarti və Qlenn Uilandan ibarət dayaq yarımmüdafiəçiləri cütlüyünü potensial güclü saymaq mümkündü. Amma bunun üçün onların hər ikisi yaxşı formada olmalıdı. Hücumameylli yarımmüdafiıəçiləri müəyyənləşdirmək isə kifayət qədər çətindi. Cef Hendrik və Ayden Makqidi yarımmüdafiənin istənilən nöqtəsində faydalı olmağı bacarır. Nominal hücumçu Conatan Uolters isə sağ cinahda daha faydalıdı. Ues Xulaxanın da universallığını nəzərə alsaq, baş məşqçini çətin seçim gözləyir. Seçmə mərhələdə komandasının ən yaxşı bombardiri Conatan Uolterslə təcrübəli Robbi Kin hücum xəttində yer alır. İrlandiya 4-4-2 sisteminə üstünlük versə və ya Uolters cinahda yer alsa, Kin start heyətdə meydana çıxacaq. Əks halda isə onun sonradan oyuna daxil olacağı gözlənilir.

 

İrlandiya millisi seçmə mərhələdən sonra iki yoxlama görüşündə qüvvəsini sınayıb. İki ay öncə İsveçrəni 1:0 hesabı ilə məğlub edən “yaşıllar” Slovakiya ilə məhsuldar heç-heçə edib – 2:2.

 

FİFA reytinqində: 31-ci yer

Ləqəbi: Yaşıl ordu, yaşıl oğlanlar

İlk oyun: Bolqarıstan - 1:0 (1924)

Ən böyükhesablı qələbə: Malta – 8:0 (1983)

Ən böyükhesablı məğlubiyyət: Braziliya – 0:7 (1982)

Titulları: yoxdu

Ən çox oyun: Robbi Kin (143)

Ən çox qol: Robbi Kin (67)

Final mərhələsinə yolu: Pley-offun qalibi

Bosniya və Herseqovina – 1:1, 2:0

G qrupunda III yer: 5 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi 19-7, 18 xal

Almaniya – 1:0, 1:1

Polşa - 1:1, 1:2

Şotlandiya – 1:1, 0:1

Gürcüstan – 1:0, 2:1

Cəbəllütariq – 7:0, 4:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – Final mərhələsinə yüksələ bilməyib

1964 – Final mərhələsinə yüksələ bilməyib

1968 – Final mərhələsinə yüksələ bilməyib

1972 – Final mərhələsinə yüksələ bilməyib

1976 – Final mərhələsinə yüksələ bilməyib

1980 – Final mərhələsinə yüksələ bilməyib

1984 – Final mərhələsinə yüksələ bilməyib

1988 – Qrup mərhələsi

1992 – Final mərhələsinə yüksələ bilməyib

1996 – Final mərhələsinə yüksələ bilməyib

2000 – Final mərhələsinə yüksələ bilməyib

2004 – Final mərhələsinə yüksələ bilməyib

2008 – Final mərhələsinə yüksələ bilməyib

2012 – Qrup mərhələsi

Baş məşqçi: Martin O Nil

Kapitan: Robbi Kin

AVRO-2016-da oyunları:

13 iyun. 20:00. İrlandiya – İsveç

18 iyun. 17:00. Belçika - İrlandiya

22 iyun. 23:00. İtaliya - İrlandiya

 

0