[b]“Hiss elədim ki, alınmır” - Amil Yunanov[/b]
27.05.2016 - 11:40
[b]“Hiss elədim ki, alınmır” - Amil Yunanov[/b]

“Maraqlı oyun oldu. Heyf ki, qələbə qazana bilmədik”. Bunu apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına Azərbaycan yığmasının hücumçusu Amil Yunanov deyib.

 

Avstriyada Andorra ilə yoxlama görüşü keçirən milli komandamız qolsuz bərabərliklə kifayətlənib. Yığmamızın heyətində debüt edən Yunanov ilk matçından razı qalmadığını söyləyib: “Çoxlu qol imkanlarımız oldu. Lakin heç birindən yararlana bilmədik. Fikrimcə, ilk oyunum yaxşı alınmadı. Bunun səbəbini bilmirəm. Rəqib də qapalı futbol göstərdi. Bəlkə də, ilk oyunum olduğu üçün həyəcan var idi. Hiss elədim ki, alınmır, istədiyim kimi çıxış etmədim. İnşallah, növbəti qarşılaşmalarda daha yaxşı oynayaram”.

 

Gənc forvard bundan sonra da milliyə dəvət almaq istəyində olduğunu açıqlayıb: “Hamı milli komandanın şərəfini qorumağı arzulayır. Amma bundan sonra dəvət alıb-almayacağıma baş məşqçi qərar verəcək. Çalışacam ki, öz üzərimdə daha çox işləyim, “artırım”. Çünki millinin səviyyəsi başqadı”.

 

23 yaşlı futbolçu karyerasını “Sumqayıt”da davam etdirmək fikrində olduğunu da vurğulayıb: “Mənə hansısa komandadan rəsmi təklif gəlməyib. Bəlkə də, “Sumqayıt”a təklif olub. Mənim klubumla müqaviləm davam edir. Özüm də “Sumqayıt”da qalmaq istəyirəm. Bu barədə onlara fikrimi demişəm. Bu klubun üzvüyəm, son qərarı rəhbərlik verəcək. Onlar nə desələr, o da olacaq”.

0