[b]"Real"ın 11-ci kubok, "Atletiko"nun revanş arzusu[/b]
27.05.2016 - 15:10
[b]"Real"ın 11-ci kubok, "Atletiko"nun revanş arzusu[/b]

Sabah Avropada futbol mövsümünə rəsmən yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, UEFA Çempionlar Liqasının (ÇL) 2015-2016 mövsümünün qalibi bəlli olacaq.

 

Milanda keçiriləcək həlledici qarşılaşmada İspaniyanın 2 klubu – “Real” və “Atletiko” üz-üzə gələcək. “San Siro”da baş tutacaq Madrid derbisində kimin qalib ayrılacağı maraqla gözlənilir.

 

“Atletiko” ilə müqayisədə “Real”ın ÇL təcrübəsi daha çoxdu. Təsadüfi deyil ki, “kral klubu” bu vaxta qədər qitənin ən mötəbər klub tarixində 10 dəfə qalib olub və bu göstəriciyə görə liderdi. “Real” sonuncu dəfə 2 il öncə kuboku başı üzərinə qaldırıb. Maraqlıdı ki, həmin vaxt da “qalaktikos”un rəqibi “Atletiko” olmuşdu. Lissabonda keçirilən finalın əsas vaxtında Dieqo Simeonenin yetirmələri qələbəyə daha yaxın olsalar da, əlavə olunmuş 3-cü dəqiqədə Serxio Ramos fərqlənərək, komandasını məğlubiyyətdən xilas etmişdi. Əlavə 30 dəqiqədə isə “Real” 3 qol vuraraq, “Atletiko”nun ÇL-in qalibi olmaq arzusunu ürəyində qoymuşdu. Odu ki, Simeone və yetirmələri revanş almaq üçün yaxşı imkan əldə ediblər.

 

“Real” finala qədərki yolda əvvəlcə PSJ, “Şaxtyor” və “Malmö” ilə birgə mübarizə apardığı qrupun birincisi (5 qələbə, 1 heç-heçə) kimi adını növbəti mərhələyə yazdırıb. 1/8 finalda “Roma” ilə üz-üzə gələn “qalaktikos” hər iki görüşdə 2:0 hesabı ilə rəqibindən üstün olub. 1/4-də “Volfsburq”la qarşılaşan “kral klubu” ilk matçda 0:2 hesabı ilə uduzsa da, öz  meydanında 3 cavabsız qolla qalib gələrək, yarımfinala adlayıb. Burada isə Zinəddin Zidanın komandası “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib. İki görüşün yekununda 1:0 hesablı qalibiyyətə sevinən “Real” finalda oynamaq hüququ qazanıb.

 

“Real”la müqayisədə “Atletiko” finala qədər daha çətin yoldan keçib. Düzdü, onların qrupdakı rəqibləri də o qədər də güclü olmayıblar. “Benfika”, “Qalatasaray” və “Astana” ilə mübarizə aparan “Atletiko” 13 xalla qrup birincisi olub. Simeonenin yetirmələri qrupdakı yeganə məğlubiyyətlərinə öz meydanlarında “Benfika” ilə keçirdikləri görüşdə məruz qalıblar. 1/8 finalda da “Atletiko”nun rəqibi dişinə görə olub. “PSV Eyndhoven”lə hər iki görüşdə 0:0 hesablı heç-heçə edən madridlilər penaltilər seriyasında üstün olublar. “Atletiko”nun sonrakı rəqibi “Barselona” olub və belə demək mümkündüsə, komanda ÇL-in cari mövsümündə ilk ciddi sınağa çıxıb. İlk görüşdə “Barselona”ya 1:2 hesabı uduzan “Atletiko” cavab matçında 2:0 hesablı qalibiyyətə sevinib. Yarımfinala adlayan ispanlar bu mərhələdə daha bir Avropa nəhəngini deviriblər. “Bavariya”ya öz meydanında qalib gələn (1:0) “Atletiko” cavab qarşılaşmasında 1:2 hesabı ilə uduzsa da, səfər qolunun hesabına finalda oynamaq hüququ əldə edib.

 

Komandaların heyətində ciddi itki yoxdu. Düzdü, “Real”da Rafael Varan və Alvaro Arbeloa bu görüşü buraxacaqlar. Lakin onları, xüsusilə də, Arbeloanı “kral klubu” üçün ciddi itki saymaq olmaz. “Real”ın lideri Kriştianu Ronaldo mayın 24-də zədələnərək, məşqi yarımçıq tərk etmişdi. Lakin tibbi müayinədən keçdikdən sonra zədənin ciddi olmadığı üzə çıxmış və portuqaliyalı dünəndən etibarən yenidən kollektivə qoşulmuşdu. Bu isə o deməkdi ki, Ronaldo həlledici qarşılaşmada komandasına kömək edə biləcək. “Atletiko”da isə yalnız Xesus Qames zədəlidi.

 

Çempionlar Liqası

Final

28 may

 

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya)

Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. “San Siro” stadionu

 

0