Yeni qaliblər
28.05.2016 - 11:42
Yeni qaliblər

Şahmatçılar arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib. Apasport.az saytının məlumatına görə, 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin təşkil etdiyi yarışda kiçik və böyükyaşlı zəka sahibləri mübarizə aparıblar.

 

Kiçikyaşlı idmançıların 3-cü dərəcə üçün turnirində 9 turdan 8 xal toplayan Mirfamil Seyidli birinci yeri tutub. İkinci və üçüncü yerə müvafiq olaraq, Rəşad Məmmədov və Murad Əzizli layiq görülüb. Onlar liderdən 1 xal geri qalıblar.

 

Eyni yaş qrupunda 4-cü dərəcə uğrunda da mübarizə gərgin keçib. 67 şahmatçı arasında 8 xalla Murad Mehdiyev hamıdan güclü olub. Onunla eyni xal toplayan, lakin əlavə göstəricilərə görə rəqibindən geri qalan Amin Musayev ikinci yeri tutub. İlk “üçlüyü” isə 7 xalla Aqil Rəhimov qapayıb.

 

Böyüklər arasında turnirdə 4-cü dərəcə uğrunda yarışda Elvin Əsədzadə rəqiblərini qabaqlayıb. O, 7 xal toplayıb. İkinci yer İbrahim Əsgərova (7 xal), üçüncü pillə Cavid Rəhimova qismət olub. 

 

2-ci dərəcə uğrunda mübarizədə isə ilk “üçlük”də müvafiq olaraq, İsmayıl Pənahlı (7,5), Elvin Səfərli (7) və Davud Binnətzadə (7) yer alıb.

 

Qeyd edək ki, mükafatçılar dərəcə normativini də yerinə yetiriblər.

0