[b]“İstədim onu təəccübləndirim, amma alınmadı” – Azərbaycan çempionu[/b]
28.05.2016 - 17:07
[b]“İstədim onu təəccübləndirim, amma alınmadı” – Azərbaycan çempionu[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2016” superturnirinin III turunda bir partiya başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərlinin görüşündə qalib müəyyənləşməyib.

 

Ölkə çempionu Səfərli partiya haqda bunları deyib: “Raufla bir-birimizə qarşı çox oynamışıq. O məni, mən də onu yaxşı tanıyıram. Debütdə istədim Raufu təəccübləndirim, amma alınmadı. Düzgün gedişlərlə müdafiədə səhv etmədi. Heç-heçə oyuna görə olan nəticədi. Digər tərəfdən etiraf edirəm ki, doğma meydanda həmyerlilərimizə qarşı çıxış etmək asan deyil. Bir qədər fərqli hisslər yaranır. Uzun müddətdi eyni komandada çıxış edirik. Azərbaycan millisində birgə oynayırıq, eyni zamanda uşaq vaxtlarından bir məşq edirik. Dostla partiyada qələbəyə oynamaq çətindi".

Azərbaycan çempionu sentyabrda Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasından da danışıb. Onun sözlərinə görə Azərbaycan millisi mötəbər yarışa ciddi hazırlaşacaq: “Olimpiada Bakıda keçirildiyindən ciddi hazırlıq planı tərtib olunub. “ShamkirChess2016”dan sonra bütün diqqətimiz hazırlığa yönələcək. Bakıda planetin ən güclü komandaları gələcək. Azərbaycan millisinin potensialı yüksəkdi. İki dəfə Avropa çempionu olmuşuq. Yalnız şahmat olimpiadasında mükafatımız yoxdu. Proqnoz vermək istəməzdim. Sadəcə onu deyim ki, hər bir şahmatçımız məsuliyyəti başa düşür".

0