[b]Şəhriyar Məmmədyarov futbol oynamaq arzusundadı[/b]
31.05.2016 - 08:59
[b]Şəhriyar Məmmədyarov futbol oynamaq arzusundadı[/b]

"Komanda yoldaşlarıma qarşı oynamaq çətindi. Rauf təkcə həmkarım deyil, həm də dostumdu”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2016” turnirinin V turunda şahmatçılarımız Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun görüşündə heç-heçə qeydə alınıb. 1 saat 40 dəqiqəlik mübarizənin yekununda tərəflər 30-cu gedişdə xalı yarı bölməyə razılaşıb. 

Partiyadan sonra Məmmədyarov həmyerlisinə qarşı oynamaqda çətinlik çəkdiyini bildirib: “İnanın milli üzvləriylə çox vaxt birgə oluruq. Artıq onları yaxın qohumum hesab edirəm. Çünki, qohumlarımdan çox şahmatçı dostlarımı görürəm. Milli komandamız bu il çox mehribandı. Tez-tez bir-birimizə məsləhət veririk. Şahmatla bağlı sirr saxlamırıq. Raufa qarşı qələbəyə oynamaq mənim üçün asan deyil. Çünki, ona rəqib kimi baxmıram. Sözsüz, başqa yarışda qarşılaşsaydıq, qələbə lazım olsaydı bəlkə də heç-heçə olmazdı. İndiki halda oyunda üstünlük yox idi, ona görə də bərabərlik alındı. Növbəti gün istirahətdi. Dincəlmək istərdim. Ənənəvi futbol yarışı olarsa, məmnuniyyətlə iştirak edəcəm".

Blits üzrə Avropa çempionu Məmmədov da həmkarının dedikləriylə razılaşıb: "Şəhriyarı çoxdan tanıyıram. Şəmkirdə ona qarşı xüsusi taktikayla oynamaq alınmadı. 2015-ci ildə burada çox maraqlı oyunumuz olmuşdu. İndiki halda heç-heçə oyuna görə oldu. Azərbaycan yığmasında birgə çıxış edirik, dostluğumuz var. Bəlkə də bu səbəbdən münasibətlərə üstünlük verilir. Mənim üçün başqa rəqibə qarşı oynamaq daha yaxşıdı. Uduzmaqdan qorxmuram. Lakin başqa rəqibə qarşı oynasaydım daha rahat mübarizə aparardım".

 

0