[b]AÇ-2016: Fransaya 2:1 sevgisi ilə[/b]
01.06.2016 - 15:43
[b]AÇ-2016: Fransaya 2:1 sevgisi ilə[/b]

Fransada keçiriləcək Avropa çempionatının (AÇ) startına 9 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını F qrupu ilə davam etdirir.

 

Püşkatmada 2-ci səbətdə yer alan Avstriya tarixində ilk dəfə AÇ-yə vəsiqə qazanıb. 8 il əvvəl bu turnirə meydan sahibi kimi qatılan “Das Tim” seçmə mərhələdə ciddi çətinliklə üzləşməyib. İsveç, Rusiya və Monteneqronun da yer aldığı kifayət qədər asan qrupda mübarizə aparan Marsel Kollerin yetirmələri gözlənilmədən 1-ci yeri tutub.

 

İlk görüşdə İsveçlə heç-heçə edən avstriyalılar ardıcıl 9 qələbə ilə yenidən əvvəlki statusuna – qitənin ortababları arasına dönməkdə iddiasını nümayiş etdirib. Xal hesabında seçmə mərhələnin ən yaxşısı olan komanda 10 matçda cəmi 5 qol buraxıb.

 

Tsikl boyu 4-2-3-1-ə sadiq olan avstriyalılar sabit heyətlə çıxış edib. Əslində, yığmanın özəyi hələ ötən seçmə mərhələdə DÇ-2014-ün yolunda formalaşıb. Zədələrin olmamağı da dəyişikliyə zərurət yaratmayıb. Yalnız müdafiənin mərkəzində Sebastyan Predl və Martin Hinteregger növbə ilə şans qazanıb. Bu üzdən millinin hər üzvü öz vəzifəsini dəqiq bilir və buna uyğun üslubda oynayır.

 

Koller qapıda Robert Almerə güvənir. Son illər bir neçə klub dəyişsə də, əsas heyətə daim düşməyən qolkiper yığmada “1 nömrə” olmaqda davam edir.

 

Müdafiənin sağında Florian Klyayn, solda isə Kristian Fuxs çıxış edir. “Lester”in əsas heyət oyunçusu olan sonuncu yığmanın əsl lideridi. O, cinah müdafiəçisi kimi hücumlara qoşulması, aut atışları və künc zərbələrinin ifaçısı kimi tanınır.

 

Mərkəz müdafiəçilərindən biri – Aleksandar Draqoviçin bu mövqedəki yeri toxunulmazdı. Onunla tandem təşkil edən ikinci arxa xətt oyunçusu isə növbə ilə Predl və Hinteregger olur.

 

Maraqlıdı ki, dayaq yarımmüdafiəçisi kimi David Alaba çıxış edir. Klubunda cinah müdafiəçisi olan istedadlı futbolçu ilə yanaşı Yulian Baumqartner oynayır. Mərkəz yarımmüdafiəçisi Zlatko Yunuzoviç isə daha çox hücumlara kömək etməklə məşğuldu.

 

Yarımmüdafiənin solunda Marko Arnautoviçə güvənən Koller qeyri-sabit istedadın AÇ-də parlayacağına ümid edir. Əhval-ruhiyyə oyunçusu olan Marko Avstriya üçün Kriştianu Ronaldoya da çevrilə bilər. Amma vingerə lazım olan bütün keyfiyyətlərə malik yarımmüdafiəçi heç də bütün matçları bu səviyyədə keçirmir.

 

Digər cinahda isə nominal hücumçu Martin Harnik yer alır. Yığmanın əsas hücumçusu isə Mark Yankodu. Ucaboy hücumçu Avstriya və İsveçrə klublarında yüzdən artıq qol vurmaqla bombardrilik keyfiyyətini göstərib. Amma Yanko Mərkəzi Avropadan kənarda özünü göstərmək cəhdləri uğursuz alınıb. Kollerin sərəncamında Rubin Okoti və Marsel Zabitser də var.

 

Avstriya millisi seçmə mərhələdən sonra 4 yoxlama oyunu keçirib. Maraqlıdı ki, bu matçların hamısında eyni nəticə qeydə alınıb. 2:1-ləri sevən Kollerin yetirmələri ötən il İsveçrəyə uduzub. Bu ilin martında Albaniyanı məğlub edib, Türkiyəyə uduzan komanda dünən Maltadan güclü olub.

 

FİFA reytinqində: 11-ci yer

Ləqəbi: Das Tim, Vundertim

İlk oyun: Macarıstan – 5:0 (1902)

Ən böyükhesablı qələbə: Malta – 9:0 (1977)

Ən böyükhesablı məğlubiyyət: İngiltərə – 1:11 (1908)

Titulları: yoxdu

Ən çox oyun: Andreas Hertsoq (103)

Ən çox qol: Anton Polster (44)

Final mərhələsinə yolu: G qrupunun qalibi: 9 qələbə, 1 heç-heçə, top fərqi 22-5, 28 xal

Rusiya – 1:0*, 1:0

İsveç - 1:1, 4:1

Monteneqro – 1:0, 3:2

Lixtenşteyn – 3:0, 5:0

Moldova – 1:0, 2:1

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – Final mərhələsinə yüksələ bilməyib

1964 – Final mərhələsinə yüksələ bilməyib

1968 – Final mərhələsinə yüksələ bilməyib

1972 – Final mərhələsinə yüksələ bilməyib

1976 – Final mərhələsinə yüksələ bilməyib

1980 – Final mərhələsinə yüksələ bilməyib

1984 – Final mərhələsinə yüksələ bilməyib

1988 – Final mərhələsinə yüksələ bilməyib

1992 – Final mərhələsinə yüksələ bilməyib

1996 – Final mərhələsinə yüksələ bilməyib

2000 – Final mərhələsinə yüksələ bilməyib

2004 – Final mərhələsinə yüksələ bilməyib

2008 – Qrup mərhələsi

2012 – Final mərhələsinə yüksələ bilməyib

Baş məşqçi: Marsel Koller

Kapitan: Kristian Fuxs

AVRO-2016-da oyunları:

14 iyun. 20:00. Avstriya - Macarıstan

18 iyun. 23:00. Portuqaliya – Avstriya

22 iyun. 20:00. İslandiya - Avstriya

 

0