[b]Kərim Benzema Fransanı bir-birinə vurdu[/b]
02.06.2016 - 09:51
[b]Kərim Benzema Fransanı bir-birinə vurdu[/b]

Fransa yığmasının hücumçusu Kərim Benzemanın sözləri ölkədə birmənalı qarşılanmayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, AVRO-2016 üçün milliyə çağırılmayan Əlcəzair əsilli forvard bunu irqçilik adlandırıb.

 

Belə ki, Benzema İspaniyanın “Marca” qəzetinə açıqlamasında “Fransada mənə qarşı hərəkət irqçilikdi. Didye Deşam irqçi kütlənin təzyiqi altında qaldı”, - deyib. Fransanın əfsanəvi futbolçusu Erik Kantona da Benzema və Hatem Ben-Arfanın yığmadan kənarda qalmasını irqçi addım hesab edib.

 

İrqçiliklə Mübarizə Dərnəyinin sədri Dominge Sopo isə bu məsələdə Benzemanı günahlandırıb. O, “Real”ın hücumçusunu özündənrazı adlandırıb: “Onun ilk dəfə irqçilik məsələsi ilə maraqlanmasını görmək sevindiricidi. Amma Benzema söhbət özündən gedəndə bununla maraqlanır. Kaş Benzema Aralıq dənizində sığınan gənclərin qorunmasına da münasibət bildirəydi. Əvvəllər irqçiliklə heç vaxt maraqlanmayıb, ancaq özü gündəmə gələn kimi yadına düşdü. Eqoist və özündənrazı bir xarakter qarşısındayıq”.

 

Fransanın sabiq baş naziri Fransios Filon ölkənin ən böyük problemini din, irq və etnik mənşə ilə bağlamağın düzgün olmadığını vurğulayıb.

 

Yerli deputatlardan Benio Hamon ulduz futbolçunun ölkədə irqçiliyin artdığına diqqət çəkməsinin doğru davranış olduğunu deyib. Onun digər həmkarı Florian Filippo isə əksinə, Fransa xalqının Benzemanın başqalarını günahlandırmasından narahat olduğunu bildirib.

 

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qri isə baş məşqçi Didye Deşamın seçiminin qüsursuz olduğunu deyərək, bu məsələdə onu dəstəklədiklərinə işarə vurub.

 

Qeyd edək ki, Kərim Benzema komanda yoldaşı Matye Valbuenaya şantaj etməklə günahlandırılır.

0