[b]AÇ-2016: Azarkeşlərin avtobusu saxlanıldı, mer məsələyə qarışdı[/b]
14.06.2016 - 14:50
[b]AÇ-2016: Azarkeşlərin avtobusu saxlanıldı, mer məsələyə qarışdı[/b]

AÇ-2016-ya ev sahibliyi edən Fransada azarkeşlərlə bağlı daha bir neqativ hal yaşanıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, budəfəki olay rusiyalı azarkeşlərlə bağlı olub.

 

Belə ki, Rusiya – Slovakiya matçını izləmək üçün Lillə yollanan rusiyalı fanatlarla dolu avtobus bu gün Kann şəhərində saxlanılıb. Yerli polis azarkeşlərdən avtobusu tərk etməyi tələb edib. Fanatların arasındakı 2 qadın avtobusdan çıxıb, məsələni polislərlə müzakirə etməyə razılaşıb.

 

Fanatlara dərhal Fransanı tərk etməli olduqları ilə bağlı xəbərdarlıq edilib. Polis 29 fanatın deportasiyası ilə bağlı əllərində rəsmi sənədin olduğunu bildirib. Bunu eşidən digər fanatlar polisə tabe olmağa razılaşmayıblar. Onlar bu məsələdə Marseldə yerləşən Rusiya Səfirliyinin nümayəndələrinin iştirakını tələb ediblər.

 

Nəticədə insident böyüyüb və həmin yerə Kann şəhərinin başçısı və jandarmanın rəhbəri gəlməli olub. Onlar da polisin 29 nəfərin deportasiyasını əks etdirən sənədə sahib olduğunu təsdiqləyiblər. Buna səbəb kimi həmin fanatların İngiltərə – Rusiya matçında və ondan sonra etdiyi qanunsuz hərəkətlər göstərilib.

 

Bildirilib ki, həmin fanatlar hava limanına aparılmayana qədər avtobus tərpənə bilməyəcək. Fransada havanın isti olması, üstəlik, avtobusda kondisionerin işləməməsi fanatlardan bəzilərinin özünü pis hiss etməsinə səbəb olub.

 

Məsələ hələ də həllini tapmayıb. Fanatlar Rusiyanın Fransadakı səfirinin avtobus saxlanılan yerə gəlməsini tələb edirlər.

 

Qeyd edək ki, Rusiya – Slovakiya görüşü iyunun 15-də keçiriləcək. 

0