[b]Böyükağa Hacıyev püşkü dəyərləndirdi: Ay dədə...[/b]
20.06.2016 - 16:19
[b]Böyükağa Hacıyev püşkü dəyərləndirdi: Ay dədə...[/b]

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Avrokubokda iştirak edəcək komandalarımızın rəqibləri bəlli oldu...

- Kimlərlə düşdük ki?

 

- Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” Lüksemburqun ən güclüsü “Düdelanj”la üz-üzə gələcək...

- Əla. Bir şeyi fikirləşin ki, “Qarabağ”ın oyunçusu Ansi Aqolli Avropa çempionatında növbəti mərhələyə doğru addımlayır. “Qarabağ” o komandaya qalib gələcək. Bəxtlərinə çox asan rəqib düşüb.

 

- “Qarabağ” 2 il öncə Malta çempionu “Valletta”ya Bakıda 4:0 hesabı ilə qalib gəlmişdi. Sizcə, bu dəfə daha böyük hesablı qələbə qeydə alına bilərmi?

- Futboldu da. Adam öncədən proqnoz verməyə çətinlik çəkir. Bir də gördün ki, Lüksemburq komandası Çempionlar Liqasına düşdüyü üçün heyətinə legionerlər yığdı.

 

- Onsuz da, bu komandanın heyətində 10-dan çox legioner çıxış edir...

- Mən ölüm? (gülür). Hər halda, Çempionlar Liqasında asan rəqib yoxdu.

 

- Keçək “Qəbələ”yə. Bu komandanın rəqibi Gürcüstan təmsilçisi “Samtredia” olacaq...

- Ay da. Bu komanda mənə tanışdı. Çünki “Samtredia”ya qarşı 7-8 dəfə oynamışam. Məşqçi kimi yox ha, futbolçu kimi. O vaxt komandanın adı “Lokomotiv” idi. 1977-ci ildən 1986-cı ilə qədər onlara qarşı oynamışam.

 

- Bəs “Qəbələ” bu komandaya qarşı oynayıb, mərhələ adlaya bilərmi?

- Baxaq, görək, ortaya necə komanda çıxaracaqlar? “Samtredia”nin legioneri olmaya bilər. Amma gürcü futbolu, onsuz da, güclüdü. “Qəbələ”nin oyunu haqda ətraflı danışa bilmərəm. Çünki hansı heyətlə mübarizə aparacağını bilmirik. Lakin ötən mövsümdəki kimi, yenə qrupa düşmələrini gözləyirəm.

 

- Sabiq komandanız “Neftçi” isə ilk mərhələdə Malta təmsilçisi “Baltsan”la qarşılaşacaq...

- Ay dədə... Bu da qəribə rəqiblə düşüb. Çox ağır məsələdi (gülür). “Neftçi” Malta klubunu keçməyə məcburdu, hökmən! Çünki azarkeşlər də bu nəticəni gözləyirlər. “Neftçi”nin də bəxti gətirib. Ümumiyyətlə, birinci təsnifat mərhələsinin oyunları həmişə belə zəif olur.

 

- Sizin vaxtınızda “Neftçi”nin qarşısına “Baltsan” çıxsaydı...

- Darmadağın edərdim.

 

- Və nəhayət “Kəpəz”. Bu komandanın rəqibi sizə yaxından tanışdı. Söhbət 2007-ci ildə “Bakı” ilə məğlub edə bilmədiyiniz “Daçiya”dan gedir...

- Hə, bax, “Daçiya”ya belə deyirik, amma bu komanda zəif deyil. 4 rəqibin içində ən güclüsü elə “Daçiya”dı. “Bakı”nın baş məşqçisi olanda onlarla qarşılaşmışıq və həmin görüşlər qəşəng yadımdadı. Burda da, orda da heç-heçə edib, penaltilər seriyasında uduzmuşduq.

 

- “Kəpəz” bu komandanı mübarizədən kənarlaşdıra bilərmi?

- Mən sizə deyim ki, “Kəpəz” üçün ağır olacaq. Ancaq bir az ciddi hazırlaşsalar, “Daçiya”nı keçərlər.

 

- Vaxtilə “Daçiya”ya rəqib olmuş məşqçi kimi, “Kəpəz”in çalışdırıcısı Şahin Diniyevə nə məsləhət verərdiniz?

- Ona yeganə məsləhətim odu ki, həm ev, həm də səfər matçında hücum futbolu oynatsın. Ancaq hücum futbolu ilə “Daçiya”nı keçə bilər.

 

- Razısız ki, püşk sarıdan bəxtimiz heç bu qədər gətirməmişdi?

- Allah göydən baxır. Bu gün biz özümüz də zəif rəqibik axı. Allahın yazığı gəldi. Həm bizim bəxtimiz gətirdi, həm də qarşılaşacağımız komandaların. Yalnız “Qarabağ” onlar üçün güclü rəqibdi.

 

Tengiz MƏMMƏDOV

 

0