[b]Valeri Qazzayev deputatlığa namizəd oldu[/b]
23.06.2016 - 11:11
[b]Valeri Qazzayev deputatlığa namizəd oldu[/b]

Rusiyanın məşhur futbol mütəxəssisi Valeri Qazzayev sevimli peşəsindən uzaqlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 62 yaşlı futbol adamı siyasətə qatılmaq niyyətinə düşüb.

 

Yığma komandanın sabiq baş məşqçisi Rusiyada Dövlət Dumasının seçkilərində iştirak edəcək. Qazzayev “Ədalətli Rusiya” Partiyası tərəfidən deputatlığa namizəd göstərilib. Əslən Vladiqafqazdan olan mütəxəssisin Şimali Osetiya, Qaraçay-Çərkəz Respublikası və Kabarda-Balkariyanın daxil olduğu region üçün yaradılacaq qrupun rəhbəri təyin edilməsi gözlənilir. Hazırda isə “Ədalətli Rusiya” Partiyasında bu zonadan deputat yoxdu.

 

Həmkarlarımız Qazzayevin deputat kimi fəaliyyət göstərməsinin öz təşəbbüsü olmadığını yazıblar. Belə ki, “Ədalətli Rusiya” Partiyasının rəhbərliyi ona bu təklifi göndərib.

 

Son prezident seçkilərində Qazzayev hazırkı ölkə rəhbəri Vladimir Putinin etibarlı siması olub. 2013-cü ildə isə o, Ümumrusiya Xalq Cəbhəsinin təsis qurultayında iştirak edib.

 

Qeyd edək ki, məşqçilik karyerasında “Dinamo” (Moskva), “Alaniya”, MOİK və Kiyev “Dinamo”sunu çalışdırmış Valeri Qazzayev ilk ölkə çempionluğunu 1995-ci ildə Nazim Süleymanovun da heyətində yer aldığı “Alaniya” ilə qazanıb. Ümumiyyətlə, 4 dəfə (1995, 2003, 2005, 2006) Rusiya çempionu olan çalışdırıcı 3 dəfə (2002, 2005, 2006) ölkə kubokunu, 3 dəfə (2004, 2006, 2007) Superkuboku, 1 dəfə (2004/2005) isə UEFA Kubokunu başı üzərinə qaldırıb. O, 2004/2005 mövsümündə UEFA tərəfindən ilin məşqçisi seçilib. 62 yaşlı futbol adamı son olaraq “Alaniya” klubunun prezidenti qismində fəaliyyət göstərib.

 

0