[b]David Petrzkeviç: O, “Qəbələ”nin ürəyidi[/b]
24.06.2016 - 10:44
[b]David Petrzkeviç: O, “Qəbələ”nin ürəyidi[/b]

“Çexiyada olduğu kimi, Azərbaycanda da mənə olan inamı doğrultmağa çalışıram. İndinin özündə də bunun üçün mübarizə aparıram. Heç vaxt təslim olmuram və həmişə özümə inanıram. Bilirəm ki, mənim də oynamaq vaxtım gələcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin polşalı qapıçısı David Petrzkeviç deyib.

 

Ölkəsinin mətbuatına danışan təcrübəli qolkiper maraqlı fikirlər səsləndirib. “Qəbələ”də ehtiyatda qalmasına toxunan Petrzkeviç buna belə aydınlıq gətirib: “Mən “Qəbələ”yə keçəndə komandanın “skelet”i artıq bəlli idi. Həmin vaxt klub Avropa Liqasının təsnifat oyunlarını yaxşı keçirdi. Odu ki, daha çox Dmitri Bezotosnıya güvənilməsində təəccüblü bir şey yoxdu. Buna baxmayaraq, həmişə onunla rəqabətə hazır olmuşam. Heç vaxt təslim olmayacam. İndiki məqamda da dayanmaq barədə düşünmürəm”.

 

2014/2015 mövsümündə klubsuz qaldığı vaxtları yada salan Petrzkeviç həmin dönəmdə “Qəbələ”nin ona kömək əlini uzatdığını bildirib. Bundan əlavə, 28 yaşlı çərçivə qoruyucusu “qırmızı-qaralar”ın futbol direktoru Toni Adamsı tərifləyib: “2014-cü ildə “Krakoviya” məni istəsə də, o klubla müqavilə bağlamadım. Bu, mənim səhvim idi. O dönəmdə menecerdən mənə zəng gəldi. Deyildi ki, istəsən, “Qornik”lə müqavilən 99 faiz hazırdı. Halbuki, reallıq başqa idi və yeni komanda axtarmalı idim. Klubsuz qalanda mənə çox çətin idi. Fərdi məşq edirdim, formada qalmağa çalışırdım. Mənim üçün həmin dönəm çox ağır keçdi. Bu vaxt kömək əli Azərbaycandan gəldi. “Qəbələ” klubu məni tanıyırdı. Ora qayıdası oldum və “1 nömrə” olmaq üçün yenidən rəqabət aparmağa başladım. O ki qaldı Toni Adamsa, o, “Qəbələ”nin ürəyidi. Adamsa burda çox inanırlar. O, Qəbələdə Britaniya standartlarını tətbiq etməyə çalışır. “Qəbələ”də hər şey peşəkar səviyyədə həyata keçirilir. Akademiya, məşq meydanları adamı valeh edir. Bundan yaxşı şərait təsəvvür etmək çətindi. Yeganə çatışmazlıq ondan ibarətdi ki, biz hər gün oteldə yaşayırıq. Hər bir oyunçu istər ki, ayrıca evdə qalsın, özəl həyatı olsun. Nə vaxtsa “Stal”a qayıdacam. Bu klub həmişə mənim ürəyimdə qalacaq”.

 

Petrzkeviç söhbət əsnasında Azərbaycana ilk gəlişini də xatırlayıb: “Belə bir şans əldə etdim. Zaqatalanın “Simurq” komandası həmin vaxt Avstriyada təlim-məşq toplanışında idi. Onlar qapıçı axtarırdılar. Ora yollandım, yoxlama görüşlərində iştirak etdim. Dərhal mənimlə müqavilə imzalamağı qərara aldılar. Əslində, istiqamət o qədər də maraqlı deyildi, buna baxmayaraq, Azərbaycana getməyə razı oldum. Hamımız bilirik ki, polşalı futbolçular daha güclü çempionatlara yollanmaq arzusunda olurlar, Azərbaycana yox. Ancaq mən fərqli bir şey yoxlamaq istədim. İkinci səbəb isə təklifin cəlbedici olması idi”.

 

Berti Foqts yığmamızı çalışdırdığı dövrdə Petrzkeviçin adı millimizlə birgə hallanıb. Bunun söz-söhbət, yoxsa reallıq olması ilə bağlı suala David belə cavab verib: “Etiraf edim ki, Azərbaycan yığmasında oynamaq təklifini ilk dəfə eşidəndə çox təəccübləndim. Xeyli düşündüm. Bir tərəfdən, mən polşalıyam və özümü polyak kimi hiss edirəm. İkinci tərəfdən, bir neçə polşalı futbolçu buna oxşar vəziyyətdə digər yığmaların formasını geyinməyə razılaşıb. Millidə oynamaq şərəfdi. Polşada Azərbaycan ekzotik ölkə hesab edilir. Bu mövzuya qayıtmaq istəmirəm, üstündən çox vaxt keçib. Çünki danışsam, yenə telefonum dayanmayacaq. Mən Azərbaycandakı ilk ilimdə yaxşı mövsüm keçirdim. Komandamız çox güclü idi. Meydanda döyüşürdük, ondan kənarda da birlik nümayiş etdirirdik. Bu da istər-istəməz oyuna müsbət təsir göstərirdi. Azərbaycan yığmasında oynamaq məsələsi ilə çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, heç nəyə təəssüflənmirəm”.

 

 

0