[b]“Qərarımızda Azərbaycan üzərində qələbə böyük rol oynadı” - federasiya prezidenti[/b]
24.06.2016 - 11:33
[b]“Qərarımızda Azərbaycan üzərində qələbə böyük rol oynadı” - federasiya prezidenti[/b]

Qazaxıstan yığmasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bir müddətdi bu vəzifəni müvəqqəti icra edən Talqat Baysufinov baş məşqçi kimi təsdiqlənib.

 

Bununla Yuri Krasnojanı rəsmən əvəzləyən 48 yaşlı mütəxəssis Qazaxıstan yığmasının 13-cü baş məşqçisi kimi tarixə düşüb. Qazaxıstan Futbol Federasiyasının prezidenti Yerlan Kojaqapanov bu qərara gəlmələrində Azərbaycan millisi üzərində qələbənin böyük rol oynadığını bildirib.

 

O, baş məşqçinin qarşısına böyük hədəflər qoyulacağını vurğulayıb: “Fikrimcə, Baysufinovun komandasının fəaliyyəti pis deyildi. Nəticələr çox yaxşı oldu. Komandamız bu məşqçilərin rəhbərliyi altında ardıcıl 4 oyunda məğlub olmadı. Xüsusən də, Azərbaycan və Çin üzərində qələbəni qeyd edərdim. Bu qələbələrin qərarımızda rolu böyük oldu. Futbol veteranlarımızla məsləhətləşdik. Baysufinovun qarşısına bir hədəf qoyacağıq – 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq”.

 

Məlumat üçün bildirək ki, Qazaxıstan yığması martın 26-da Türkiyənin Antalya şəhərində Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gəlmiş və 1:0 hesablı qələbə qazanmışdı. Baysufinovun yetirmələri həmin ərəfədə Çinə də qalib gəlmiş, Gürcüstanla isə bərabərə qalmışdı.

 

Qeyd edək ki, sentyabrda startı veriləcək DÇ-2018-in seçmə mərhələsində Qazaxıstan yığması E qrupunda Rumıniya, Danimarka, Polşa, Monteneqro və Ermənistanla mübarizə aparacaq.

0