[b]"Azərbaycan yığmasına nəticə verməyə gəlmişəm" - millimizin baş məşqçisi[/b]
24.06.2016 - 15:52
[b]"Azərbaycan yığmasına nəticə verməyə gəlmişəm" - millimizin baş məşqçisi[/b]

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Milton Luiz Ziller Juniorun apasport.az saytına müsahibəsi

 

- Millimizə təyinatınız sizin üçün nə dərəcədə gözlənilən oldu?

- Təklif mənim üçün gözlənilməz oldu. Amma burda olduğum üçün şadam. Dünya çempionatı yaxınlaşır, məsuliyyətimiz artır. Azərbaycan yığmasına nəticə verməyə gəlmişəm. Gördüklərimə əsasən yaxşı nəticə əldə edəcəyimizi düşünürəm. Düzdü, çətin olacaq, amma mümkündü. İki ay vaxtımız olacaq, baxaq, hansı çatışmazlıqlarımız var, aradan qaldıraq. Birinci gündən işə başlayırıq.

 

- Sizin haqqınızda elə də ətraflı məlumata sahib deyilik. Əsasən Rusiyada qazandığınız kubokla tanınırsınız. Azarkeşlərə özünüzü necə təqdim edə bilərsiniz?

- 25 ildi məşqçi kimi çalışıram. Karyeram Braziliya ilə bağlıdı. Orda çempionat fərqli formatda keçirilir. Ştatların çempionatı var, Super kubok var və s. Beş dəfə komandam Superliqanın finalına vəsiqə qazanıb. Onların ikisində mükafatı biz qazanmışıq. Superliqa bizim üçün çox vacibdi. Ştatlar üzrə isə 5 dəfə hamıdan güclü olmuşuq. Bildiyiniz kimi, iki mövsümü də Rusiyada keçirmişəm.

 

- Milli komandada çalışmamısınız. Bu, yeni iş yerinizdə problem yaratmayacaq?

- Klubla milli arasında fərqin böyük olub-olmadığını deyə bilmərəm. Bunun üçün işə başlamaq, aradakı fərqi müəyyənləşdirmək lazımdı. Amma məşqçi kimi təcrübəm bu işin öhdəsindən gələcəyimə imkan verir. Az deyil, 25 ildi futzal məşqçisiyəm. Özüm isə bədən tərbiyə üzrə təhsil almışam. Bütün bilik və təcrübəmi səfərbər edəcəm.

 

- Heyətdə dəyişikliklər çox olacaq?

- Bunu məşq prosesi göstərəcək. Təbii ki, müəyyən dəyişikliklər olacaq. Əvvəlcə məşqlər başlasın, komandanın üzvlərini iş başında görək, onların fiziki, taktiki-texniki qabiliyyətlərini yoxlayaq. Bundan sonra biləcəm ki, dəyişikliyə ehtiyac var, yoxsa yox. Yenə deyirəm, gücləndirilməli mövqelərimiz olacaq.

 

- Braziliya mətbuatına müsahibə verən Bonila yığmamızda oynamaq perspektivindən danışıb...

- Bəli, biz Bonila ilə danışıq aparmışıq. Onu “Araz”ın oyunçusu saymaq olar. Amma millidə oynayıb-oynamayacağına federasiya rəhbərliyi qərar verəcək. Futzalçı hazır olsa, yəqin ki, ona belə bir imkan veriləcək. Yəni bu mənim verəcəyim qərar deyil.

 

- Yığmamızın yer aldığı qrup haqda nə deyə bilərsiniz?

- Məncə, geniş təqdimata ehtiyac yoxdu. İspaniya və İran dünyanın ən güclülərindəndi. Mərakeş isə Afrika çempionudu. Biz ora favorit kimi getmirik. Amma işimizi sadəcə, qrup oyunları ilə yekunlaşdırmaq da istəmirik.

 

- Hazırlıq dönəmində neçə yoldaşlıq oyunu keçirməyi düşünürsünüz?

- Elə etməliyik ki, yoldaşlıq görüşləri hazırlıq prosesinə mane olmasın. Bunu fiziki hazırlıqdan sonra biləcəyik. Oyunçuların nə dərəcədə hazır olmasından çox şey asılıdı. Amma yoldaşlıq matçlarının və ya hansısa turnirə qatılmağın komandamıza mütləq xeyri xeyri dəyəcək.

 

- Federasiya prezidenti Zaur Axundov ən azı növbəti mərhələyə adlamağı tələb edir...

- Dünya çempionatı məsuliyyətli yarışdı. Orda dünyanın ən güclüləri çıxış edir. Azərbaycan ora vəsiqə qazanıbsa, deməli, zəif komanda deyil. Əlbəttə, qarşıya məqsəd qoyulub. İlk işimiz 1/8 finala yüksəlmək olmalıdı. Bunun üçün əlimizdən gələni edəcəyik. Hazırlıq planını da elə qurmuşuq ki, komanda Kolumbiyada uğurlu nəticə qazansın. Heç nə asan əldə edilmir. Hər bir uğurun arxasında zəhmət, alın təri var. Biz də məşqlərdə çox tər axıtmalıyıq ki, oyunlarda bəhrəsini görək.

 

- “Araz”la bağlı planlarınız necədi?

- Milli ilə “Araz”ın hazırlıq planı eynidi. Çünki “Araz”ın üzvləri millinin əsasını təşkil edir. Dünya çempionatına hazırlıq həm də UEFA kubokuna hazırlıq planının bir hissəsidi. Oyunçular təcrübə toplayacaq, hazır olacaqlar. İndi dünya çempionatı haqda fikirləşək.

0