[b]“Özümü yeni transfer kimi hiss etmirəm” – “Qarabağ”ın futbolçusu[/b]
25.06.2016 - 12:10
[b]“Özümü yeni transfer kimi hiss etmirəm” – “Qarabağ”ın futbolçusu[/b]

"6 aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum yaxşıdı. Komandayla məşqlərimi davam etdirirəm. Düzdü, yüz faiz hazır deyiləm, amma avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək üçün çalışacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev deyib.

 

Azərbaycan yığmasının da formasını geyinən yarımmüdafiəçi uzunmüddətli zədəsini tam sağaldaraq, Ağdam klubunun Avstriya toplanışında iştirak edir. 

 

“Qarabağ”ın rəsmi saytına açıqlama verən Əmirquliyev son durumu və komandanın yarımmüdafiə xəttindəki rəqabətdən danışıb: “Qarabağ”a yanvarda qoşuldum və cəmi 2-3 matçda oynadım. Az oynamağıma baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü yeni transfer kimi hiss etmirəm. "Qarabağ"ın yarımmüdafiə xəttində necə bir rəqabətin olduğu hamıya məlumdu. Belə rəqabətin olması həm mənim, həm də bu mövqedə mübarizə aparan digər futbolçular üçün yaxşıdı. Əgər bir yer uğrunda mübarizə gedirsə, futbolçu öz üzərində daha çox işləyir. Belə rəqabətdən heç bir problem olmaz, əksinə qazanan futbolçular olacaq. Meydana çıxıb-çıxmamağıma isə baş məşqçimiz qərar verəcək”.

 

Rahid söhbət əsnasında Çempionlar Liqasında “Qarabağ”ın ilk rəqibi olacaq “Düdelanj” barədə də fikirlərini bölüşüb: “Son mövsüm "qızıl dubl" edən Lüksemburq çempionu "Düdelanj"la qarşılaşacağıq. Rəqib haqda elə də ətraflı məlumatım yoxdu. Onların heyətində çoxlu legioner oynadığını bilirəm. Yəqin ki, bir neçə gün sonra rəqibi təhlil edəcəyik. Avrokuboklarda ilk oyunlar həmişə çətin olur. Qarşılaşmaya ciddi hazırlaşırıq. Bilirik ki, bizim üçün heç nə asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq".

 

0