[b]AÇ-2016: İsveçrədən 10 il sonra növbəti məğlubiyyətsiz vida[/b]
26.06.2016 - 01:28
[b]AÇ-2016: İsveçrədən 10 il sonra növbəti məğlubiyyətsiz vida[/b]

Avropa çempionatının 1/8 final matçında Polşa ilə qarşılaşan İsveçrə millisi əsas vaxtı 1:1 hesabı ilə bitən oyunda penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olaraq turnirdə çıxışını başa vurdu. Apasport.az saytının məlumatına görə, qitə birinciliyi boyunca heç bir oyunun əsas vaxtında uduzmayaraq turnirlə vidalaşan “saatlar ölkəsi”nin təmsilçiləri unikal göstəriciyə imza atıb.

 

İsveçrəlilər Fransa, Rumıniya və Albaniya ilə birlikdə yer aldıqları A qrupundan 1 qələbə (Albaniya – 1:0) və 2 heç-heçə ilə (Rumıniya – 1:1 və Fransa – 0:0) 1/8 finala yüksəlmişdi.

 

Qeyd edək ki, İsveçrə millisi 10 il əvvəl 2006-cı ilin dünya çempionatında da eyni taleyi yaşamışdı. Belə ki, həmin il mundialda Fransa, Cənubi Koreya və Toqo ilə birlikdə G qrupunda çıxış edən “qırmızılar” 2 qələbə (Toqo – 2:0 və Cənubi Koreya – 2:0) və bir bərabərliklə (Fransa – 0:0) qrup lideri kimi 1/8 finala adlamış, bu mərhələdə isə Ukrayna ilə əsas vaxtı 0:0 bitən matçda penalti zərbələrində məğlub olaraq turnirlə vidalaşmışdı.

0