[b]AZAL hərəkətə gəldi: 4 transfer, 1 yeni müqavilə, daha 2 ayrılıq[/b]
28.06.2016 - 14:07
[b]AZAL hərəkətə gəldi: 4 transfer, 1 yeni müqavilə, daha 2 ayrılıq[/b]

İyunun 25-də yeni mövsümün hazırlıqlarına başlayan AZAL transfer çalışmalarını sürətləndirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, rəhbərlik heyətdə “təmizləmə işləri”ni davam etdirir.

 

“Təyyarəçilər” Murad Səttarlı, Rail Məlikov, Tərlan Xəlilov, Aleksandr Quruli və Rüfət Musayevdən sonra daha iki futbolçu ilə yollarını ayırıb. Belə ki, hücumçular Aydın Qasımovla Məhəmməd Bədəlbəyli də baş məşqçi Tərlan Əhmədova lazım olmayıb.

 

Əvəzində müdafiəçi Emin Cəfərquliyev heyətdə saxlanılıb. 26 yaşlı futbolçu komandası ilə yeni 2 illik sazişə qol çəkib.

 

Bakılılar transfer işlərini də sürətləndiriblər. Artıq 4 yerli oyunçu heyətə cəlb edilib. Bunlar “Xəzər Lənkəran”ın müdafiəçiləri İlyas Səfərzadə, Mahsun Qəmbərli, “Rəvan”ın yarımmüdafiəçisi Elvin Həsənəliyev və I divizion təmsilçisi MOİK-in hücumçusu Röyal Nəcəfovdu. Adıçəkilən oyunçuların hər biri ilə 2 illik müqavilə imzalanıb.

 

Müqavilə müddəti davam edən Adan Koronado, Nuqzar Kvirtiya kimi əcnəbiləri, eyni zamanda baxışda olan norveçli Vilyar Nordberqi komandada saxlayan AZAL yeni mövsümdə əsasən yerli oyunçulara güvənməli olacaq. Məşqçilər korpusu moldovalı qapıçı Stanislav Namaşkonun xidmətində yenə maraqlıdı. Hazırda vətənində olan qolkiperlə yeni müqavilə məsələsi müzakirə olunur.

 

Hazırlıqlarını “AZAL Arena”da davam etdirən “təyyarəçilər” iyunun 30-da yoxlama görüşündə qüvvəsini sınamaq fikrindədi. Çox güman ki, həmin gün rəqib Premyer Liqanın digər təmsilçisi “Sumqayıt” olacaq.

0