[b]“Növbəti görüşdə sizə göstərəcəm” – “Daçiya”nın prezidenti[/b]
28.06.2016 - 22:40
[b]“Növbəti görüşdə sizə göstərəcəm” – “Daçiya”nın prezidenti[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”lə qarşılaşan “Daçiya”nın prezidenti Adlan Şişxanov matçdan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqında ümumi fikirlərinizi bildirərdiniz...

- Komandanız Avrokuboklar üçün darıxmışdı. Bu gün yaxşı oynadılar. Düzünü deyim ki, biz belə oynayacağını da gözləyirdik. Ancaq ilk görüşdə səfərdə heç-heçə yaxşı nəticədi. Ən yaxşı nəticə deyil, ancaq ən pis nəticə də deyil.

 

- Mətbuat konfransında baş məşqçiniz demişdi ki, bizim prezident hətta səfərdəki heç-heçəni də yaxşı nəticə kimi qəbul etmir, siz isə deyirsiniz ki, bugünkü nəticə yaxşı oldu...

- Mən həmişə demişəm, biz hər zaman, evdə ya səfərdə, həmişə qələbəyə oynamışıq. Bu gün isə bərabərlik əldə etdik. Bu elə də pis nəticə deyil. Çünki “Kəpəz” çox istəkli oynayırdı.

 

- Komandanı kim idarə edir: Prezident, ya baş məşqçi?

- Mən orda olanda komandam daha yaxşı oynayır. Əgər lazım olsa, mən lap meydana da çıxaram.

 

- Bəs bu baş məşqçiyə hörmətsizlik deyil?

- Niyə? Biz çoxdandı bu şəkildə çalışırıq. Özümüzü də normal hiss edirik.

 

- Dəyişiklikləri də siz edirsiniz?

- Futboldan sual verin, mən də cavab verim.

 

- Öz komandanız haqqında danışın...

- Mənim əla komandam var. Növbəti görüşdə sizə göstərəcəm.

 

- Deyirsiniz ki, ikinci oyunda hər şey yaxşı olacaq. Siz öz komandanıza bu qədər güvənirsiniz?

- Baxın, mən yenə deyirəm. “Kəpəz” çoxdandı Avropada oynamır. Biz isə hər il çıxış edirik. Onlar həvəsli idilər. Öz meydanlarında isə ikiqat əzmlə oynayırdılar. Növbəti oyunda isə hər şey daha fərqli olacaq.  

 

- Siz bu gün heyətə ötən mövsüm hətta 1 dəqiqə belə oynamamış 5 futbolçu salmışdınız. Bu nə ilə əlaqədardı?

- Düşündük ki, bu gün həmin oyunçular bizə nəticə qazandıra bilər. Ümumi bizim oyunları analiz etsəniz görərsiniz ki, biz çempionatda 28 oyun boyunca heç bir oyuna ardıcıl iki eyni heyətlə çıxmamışıq.

 

- “Kəpəz”dən hansısa oyunçu xoşunuza gəldimi?

- Bütün oyunçular yaxşı təsir bağışladılar. Uşaqlar hamısı bütün güclərini ortaya qoymuşdular. Bir klub prezidenti kimi mənə xoşdu ki, biz yüzlərlə kilometr yolu boşuna gəlməmişik və gözəl oyun izlədik.

 

0