[b]Elmir Vəliyev qrupdan dəm vurdu: Qüsurlar oldu - MÜSAHİBƏ[/b]
29.06.2016 - 11:00
[b]Elmir Vəliyev qrupdan dəm vurdu: Qüsurlar oldu - MÜSAHİBƏ[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində dünən Bakıda keçirilən "Kəpəz" - "Daçiya" (0:0) matçından sonra jurnalistlərə müsahibə verən Gəncə klubunun Müşahidə Şurasının sədri Elmir Vəliyev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Bu, sizin rəhbərliyiniz altında "Kəpəz"in ilk Avrokubok oyunu idi. Fikirləriniz maraqlı olardı...

- Görüş barədə onu deyə bilərəm ki, futbolçularımız gözəl çıxış etdilər. Təbii ki, rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Onlara hörmətlə yanaşırıq. Təəssüf ki, qarşılaşma heç-heçə başa çatdı. Ümidimizi iyulun 7-də Moldovada keçirəcəyimiz görüşə bağlamışıq. Uşaqlar meydana qələbə üçün çıxacaqlar. Bu, komandamıza, gəncəlilərə və bütün Azərbaycana lazımdı. 16 illik fasilədən sonra "Kəpəz" nəinki Premyer Liqada oynamaqla kifayətləndi, hətta Avroliqaya da vəsiqə qazandı. Bütün diqqətimizi səfər qarşılaşmasına yönəltmişik.


- Sizə elə gəlmirmi ki, "Kəpəz"in futbolçuları ikinci hissədə fiziki cəhətdən tam çatdırmırdılar?

- Təbii ki, bəzi qüsurlar oldu. Çalışacağıq bu nöqsanları, çətinlikləri zamanla aradan qaldıraq.


- Bu mövsüm həm daxili yarışlarda, həm də avrokuboklarda hədəfiniz nə olacaq?

- Əlbəttə ki, biz də Avroliqada qrup mərhələsinə düşmək istərdik. Həm rəhbərlik, həm baş məşqçi, həm də futbolçularımız bunu arzulayırlar. Qrupa düşməyə çalışacağıq.

 

- Klubun maliyyə problemləri nə vaxt həllini tapacaq?

- Bəzi çətinliklər var idi. Amma bu gün, demək olar ki, hamısını aradan qaldırmışıq. Vaxt keçdikcə çalışacağıq hər şeyi qaydasına salaq. İstər stadionun, istərsə də bazanın təmiri zamanla baş tutacaq.

 

- Futbolçuların verilməyən bir neçə aylıq maaşları ilə bağlı problem necə, yoluna qoyulubmu?

- Maaşlar artıq verilib.


- Baş məşqçi Şahin Diniyev istəsə, yeni transferlər üçün maliyyə ayrılacaqmı?

- İki yeni əcnəbi transferimiz "Daçiya" ilə ilk görüşdə oynadı.

 

- Azərbaycan çempionatında rekord qıran "Kəpəz" azarkeşləri "Daçiya" ilə görüşdə stadionu doldurmamışdılar. Komanda növbəti mərhələyə adlayarsa, azarkeşlərə hər hansı bir mesajınız olacaqmı?

- İstəyimiz odu ki, gəncəlilər bizə dəstək olsunlar. Stadiona gəlsinlər, komandanı qələbəyə səsləsinlər, dəstəkləsinlər. Moldova klubunu səfərdə məğlub etsək, II təsnifat mərhələsində daha çox azarkeş dəstəyinə ehtiyacımız olacaq.

 

0