[b]Terror Azərbaycanlı hakimlərin səfərini ertələdi: Hadisə bizim də başımıza gələ bilərdi[/b]
29.06.2016 - 11:30
[b]Terror Azərbaycanlı hakimlərin səfərini ertələdi: Hadisə bizim də başımıza gələ bilərdi[/b]

“Dünən gecə İstanbula, ordan da Bolqarıstana yollanmalı idik. Lakin İstanbul Atatürk hava limanında baş verən məlum üzücü hadisə səfərimizi təxirə saldı”. Bunu apasport.az saytına FİFA dərəcəli hakim Əliyar Ağayev deyib.

 

Dünən gecə Atatürk hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər yaralanıb. Bu hadisə səbəbindən Türkiyəyə olan bütün uçuşlar təxirə salınıb.

 

Dünən səfərə hazırlaşanlar arasında azərbaycanlı hakimlər də var idi. Belə ki, Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Rəhim Həsənovdan ibarət hakimlər briqadası Bolqarıstana, Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov və Ömər Paşayevdan ibarət briqada isə Sloveniyaya yollanmalı idi. Onlar Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində müvafiq olaraq, “Slaviya” (Bolqarıstan) – “Zaqlebiya” (Polşa) və “Domjale” (Sloveniya) – “Lusitans” (Andorra) qarşılaşmalarını idarə edəcəklər.

 

Hər iki briqada Bakıdan İstanbula, ordan məlum məkana yollanmalı idi. Lakin Əliyar Ağayev səfərin bu günə qaldığını bildirib: “Axşam hava limanına getmişdik. Orxanın briqadası da bizimlə idi. Sonradan bizə dedilər ki, səfər təxirə salınıb. Hazırda oteldəyik. Saat 12:30-da hava limanına yollanacağıq. Saat 15:00-da isə uçuşdu”.

 

Hakimlərimiz bir reys əvvəlki təyyarədə yollansaydılar, terror hadisəsinin canlı şahidi ola bilərdilər. Ağayev hadisə qurbanlarına görə çox məyus olduğunu deyib: “Doğrudu, əvvəlki reysdə yollansaydıq, o hadisə bizim də başımıza gələ bilərdi. Qismət belə imiş. Hadisə qurbanlarına görə isə çox üzülürəm. Məsum insanların bu cür qətlə yetirilməsi çox üzücüdü. O ki qaldı indi canımızda qorxu olub-olmadığına, qismətdən qaçmaq olmaz. Alnımıza nə yazılıbsa, o da olacaq”.

 

FİFA dərəcəli referinin briqadası artıq sabah matça çıxacaq. Ağayev gec yollanmağın onlara problem yaratmayacağını düşünür: “Ümid edirəm ki, gec getdiyimiz üçün bir problemlə üzləşmərik. Bu gün axşam Bolqarıstana çatmalıyıq. Ora uyğunlaşma problemi yaşamayacağımızı düşünürəm”.

 

Ağayev sonda Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda iştirak edən Venesuela və Fransa yığmaları, eyni zamanda “Kəpəz”in Avropa Liqasındakı rəqibi “Daçiya”nın da Bakıda qaldığını söyləyib.

 

Ruslan SADIQOV

0