[b]İdman dünyası terroru lənətləyir: Səbəbkarlar məhv olsun![/b]
29.06.2016 - 13:55
[b]İdman dünyası terroru lənətləyir: Səbəbkarlar məhv olsun![/b]

Dünən gecə Atatürk hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 37 nəfər ölüb, 147 nəfər yaralanıb. Apasport.az saytının məlumatına görə, bu hadisə idman dünyasını da dərin üzüntüyə qərq edib.

 

Baş verən üzücü olaydan sonra dünyanın dörd bir yanından federasiyalar, komandalar, idmançılar başsağlığı mesajı göndəriblər. Azərbaycan klublarından hələlik yalnız “Qarabağ” və “Sumqayıt” hadisəyə biganə qalmayıb. Ağdam klubu “Acınız acımızdır, Türkiyə!!!” başlığı ilə qardaş ölkədəki terroru lənətləyib. Bununla yanaşı, hazırda terror səbəbindən İstanbulda qalıb Slovakiyaya yollana bilməyən qadın voleybolçulardan ibarət yığmamız, o cümlədən Azərbaycan Voleybol Federasiyası da bu hadisəni pisləyib.

 

Həmçinin “Barselona” və “Atletiko” kimi futbol klubları da həlak olanların ailələrinə səbr arzulayıb.

 

Ulduz idmançılar isə “twitter”, “instagram” hesabları vasitəsilə terroru qınayıblar. Bu baxımdan türkiyəli idmançılar və karyeralarını bu ölkədə davam etdirənlər xüsusi fəallıqları ilə diqqət çəkiblər. Başsağlığı mesajı göndərənlər arasında Almaniya yığmasının Türkiyə əsilli oyunçuları Məsut Özil, İlkay Gündoğan, “Fənərbaxça”nın əfsanəvi braziliyalı futbolçusu Aleks de Souza, bu klubun yeni transferi Roman Neuştadter, İsveçrə millisinin üzvü Qranit Xaka, sabiq “Qalatasaray”lılar Harri Kyuell, Tomas Uyfaluşi və italiyalı basketbolçu Luici Datome də var.

 

Bir neçə tanınmış idmançının sosial şəbəkədə yazdığı mesajı təqdim edirik:

Arda Turan (“Barselona”nın futbolçusu): Yenə ciyərimiz yandı. Başımız sağ olsun, Türkiyəm. Bu dərdə səbəb olanlar məhv olsun.

 

Lukas Podolski (“Qalatasaray”ın almaniyalı futbolçusu): Terroru lənətləyirik. Bu xain hücumda həyatını itirənlərin yaxınlarına səbr və yaralılara şəfa diləyirəm.

 

Aleks Telleş (“Qalatasaray”ın braziliyalı futbolçusu): İstanbulda baş verən hadisə məni çox üzdü. Heç kim buna layiq deyil. Tanrı sizi qorusun.

 

Felipe Melo (“İnter”in braziliyalı futbolçusu): Terroru lənətləyirəm, terrora “dur” deyək.

 

Fernando Muslera (“Qalatasaray”ın uruqvaylı futbolçusu): Yetər artıq! Kimsə nəsə etməlidi. Belə gözəl ölkədə bu cür olaylar baş verməməlidi.

 

Slaven Biliç (“Vest Hem”in baş məşqçisi): İnana bilmirəm. Həlak olanlara görə başsağlığı diləyirəm. Lütfən, güclü ol, Türkiyə.

 

Qreqori van der Vil (“Fənərbaxça”ya keçmək üzrə olan hollandiyalı futbolçu): İstanbul. Çox məyusam.

 

Uesli Sneyder (“Qalatasaray”ın hollandiyalı futbolçusu): Yanlış başa düşməyin, dünya üçün dua edirəm. Amma bu gün məmləkətim üçün daha çox duacıyam. Üzücü hadisə...

 

Hakan Çalhanoğlu (“Bayer”in futbolçusu): Türkiyə, İstanbul və barış üçün dua edin.

Mehmet Okur (sabiq basketbolçu): Allah millətimizə yardım etsin. Gözəl ölkəmin düşdüyü duruma bax. Heyf, çox heyf!

 

Pau Qasol (ispaniyalı basketbolçu): Hadisə qurbanlarının ailələrinə başsağlığı diləyirəm.

Kənan Sofuoğlu (türkiyəli motosikletçi): Türkiyənin böyüməsinə bu cür xain hücumlarla mane ola bilməzsiniz. Birlik-bərabərlik vaxtıdı. Rəbbim birliyimizi pozmasın.

0